Oktyabrın 12-də Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF)  illik ümumi yığıncağı keçirilib. Toplantıda AYSF-yə üzv olan yaradıcı sahə üzrə assosiasiya və birliklər, kreativ şirkətlərin nümayəndələri və yaradıcı sahələrdə çalışan fərdi sahibkarlar iştirak ediblər.

AYSF İdarə Heyətinin sədri Vasif Eyvazzadə ölkəmizdə son illərdə yaradıcı sənayelərin inkişafı istiqamətində görülən işlərdən, bu sahədə dövlət-özəl tərəfdaşlığı ilə gerçəkləşmiş tədbirlər və layihələrdən bəhs edib, eləcə də yaradıcı sənayelərin inkişafı ilə əlaqədar qarşıda dayanan hədəflər və öhdəliklər barədə iştirakçılara məlumat verib. Yaradıcı sənaye sahələri üzrə aktiv təşkilatlanma proseslərinə diqqəti yönəldən Vasif Eyvazzadə son illərdə bir sıra yeni yaradıcı birlik və assosiasiyaların yaradıldığını, dövlət qeydiyyatına alındığını deyib.

İdarə Heyətinin sədr müavini Telman Məlikzadə federasiya üçün britaniyalı ekspertlərlə birgə hazırlanmış təşkilati strategiya haqqında məlumat verib və strateji istiqamətlər (təşkilatdaxili, xarici və sektoral) üzrə nəzərdə tutulan fəaliyyətlər haqqında vacib məqamları qeyd edib. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinin yaradıcı sənayelərin inkişafı üzrə müvafiq fəaliyyətlərin icrasında məsul qurumlarla birgə yaradıcı sənaye təmsilçilərinin də aktiv iştirakının vacibliyi vurğulanıb.

İclasda AYSF üzvləri ilə təşkilati məsələlər, yaradıcı sənayelərdə fəaliyyət göstərən təşkilatların fəaliyyətləri, yeni yaranmış təşkilatların üzləşdiyi çətinliklər, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirə aparılıb və ayrı sahələrə dair aktual məsələlər ətrafında tövsiyə və təkliflər səsləndirilib.

Sonda aktual təklif və tövsiyələr əsasında federasiya üzvləri tərəfindən müvafiq qurumlara müraciətlərin hazırlanıb göndərilməsi razılaşdırılıb.