“Anamın kitabı” ingilis dilində

 

Oktyabrın 15-16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi – “Anamın kitabı” tamaşasının premyerası olacaq.

Tamaşa Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhimovdur. Plastik səhnə hərəkətlərinin quruluşu Xalq artisti Pərviz Məmmədrzayevə və rejissor Zaur Əliyevə aiddir.

Yeni rejissor yozumunda ərsəyə gələn tamaşada ölkənin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşəcəklər. İngilis dilində hazırlanan tamaşada əsas məqsəd ana dilimizin təbliğidir.

Böyük dramaturqun “Anamın kitabı” əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdir. Günümüzlə səsləşən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan ananın timsalında təqdim olunur. Ana övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Beləliklə, ana övladları ilə mübarizəyə başlayır.

Akademik Musiqili Teatrın tarixində ilk dəfə ingiliscə nümayiş olunacaq tamaşaya biletləri şəhərin kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.