Milli Azərbaycan Tarixi Muzeyində AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Azad Zeynalovun rəhbərlik etdiyi əcnəbi arxeoloqlardan ibarət ekspedisiya nümayəndə heyəti ilə görüş olub.
Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, baş mühafiz, dosent Məhfuzə Zeynalova və Arxeologiya elmi-fond şöbəsinin müdiri Nasir Quluzadənin iştirak etdiyi görüşdə əcnəbi arxeoloqlar Azərbaycanda və onun hüdudlarından kənarda aparılan Paleolit dövrü tədqiqatları və onun nəticələri haqqında ətraflı məlumat veriblər.
Qonaqlar Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə elmi-tədqiqat layihəsini reallaşdırmaq arzusunda olduqlarını bildiriblər. Qeyd edilib ki, layihənin əsas məqsədi Azıx mağarasında tapılan qədim insan – azıxantropun alt çənəsinin mütləq xronologiyası, eləcə də paleoantropoloji xüsusiyyətlərini müəyyənləşdirmək təşkil edir. Sözügedən layihənin reallaşdırılması ilə bağlı ilkin razılıq əldə olunub.
Sonda qonaqlara muzeyin nəşrləri hədiyyə edilib.