Bu günlərdə başa çatan Bakı Beynəlxalq Kitab Sərgisinin bir yaxşı özəlliyi də yazar ilə oxucunun görüş yerinə çevrilməsidir. Beləcə, kitab vasitəsilə bir-birini qiyabi tanıyan hər iki tərəf canlı ünsiyyət qurmaq, hisslərini bölüşmək üçün yazılan ilə oxunan arasındakı incə xəttin üzərindən birgə keçmiş olurlar.

Sərgi günlərində çoxsaylı görüşlərdən ikisində mən də iştirak etdim. Bunlar Xalq yazıçısı Elçin və Xalq şairi Nəriman Həsənzadə ilə oxucu təması idi.

İlk görüşün mövzusu da maraqlı idi: “Müasirlik və ədəbiyyatımızın problemləri”. Elçin, sözsüz ki, bu mövzuda danışmaq, analiz və müzakirə etmək haqqına malik barmaqla sayılacaq imzalardandır. Çünki o, müasir dediyimiz ədəbiyyatın həm də yaradıcılarından biridir. Eyni zamanda dərin müşahidə və müqayisə qabiliyyəti ilə seçilən diqqətli oxucu, üstəlik ədəbiyyatşünasdır. Elə bu görüş də o üfüqlərdə oldu.

Müasir Azərbaycan ədəbiyyatı, onun çağdaş durumu və ümumilikdə dünyada kitaba münasibət ətrafında söz açan yazıçı bu kontekstdə “Şərq-Qərb” nəşriyyatının İlyas Əfəndiyev haqqında çap etdiyi kitabdan da danışdı. Nümunənin yalnız İlyas Əfəndiyevdən deyil, onun mühitindən, sovet dövrü ədəbi prosesindən bəhs etdiyini vurğuladı.

Çağdaş dövrün oxucusu, texnologiya zamanının ədəbiyyatı və ümumilikdə bəşər övladının kitaba münasibətinə özünəməxsus çalarlar ilə rəng qatan yazıçı bütün dövrlərdə yaradıcılıqda insan amili, onun hisslərinə toxunmanın yaşamaq haqqı qazandığını dedi: “Əslində, burada hər hansı mülahizə, daha doğrusu, analiz o qədər də vacib deyil. Ədəbiyyat nədir? İnsan yaşantısının bədii təsvirlərlə tərənnümü. Ədəbiyyatın predmetini insan, onun hissləri, düşüncəsi və daxili aləmi təşkil edir. Ədəbiyyat ananın balaya laylasından yaranıb və beləcə, insana xidmətə başlayıb...”.

Oxucu sualları əsasında davam edən görüşdə müxtəlif yaradıcılıq məsələlərinə də toxunuldu. Əsərləri müxtəlif teatrların repertuarında özünə yer tutan yazıçı günümüzün teatr və dramaturgiya mənzərəsinə də toxundu: “Bu gün çağdaş dramaturgiyanın durumu, onun problemləri haqqında tez-tez danışılır, teatrların müasir əsərlərə münasibəti müzakirə olunur. Amma oturuşmuş ənənə var və heç bir teatr istəməz ki, repertuarında yaxşı əsər olmasın. Mirzə Fətəli Axundzadə öz pyeslərini qələmə alanda milli dramaturgiya yox idi və ilk dəfə o, dramaturgiyanın əsasını qoydu. Peşəkar teatrımız o və sonrakı əsərlər ilə özünün inkişafını, tamaşaçı kütləsini formalaşdırdı. Pyes yazmaq, hər hansı formada onu səhnəyə gətirmək elə də asan deyil. Onu yazan müəlliflərdə istedad, zamanın və mühitin nəbzini tutmaq qabiliyyəti olmalıdır. Dramaturgiya teatr ilə qarşılıqlı əlaqədə olur və bu mənada əks fikirləri subyektiv saymaq olar. Bu gün ölkədə imzası tanınan əksər dramaturqların əsərləri teatr səhnələrində oynanılır. Teatrın inkişafını təmin etmək üçün gərək keyfiyyətli dram əsərləri ərsəyə gəlsin, mütəxəssis rejissorlar bu əsərlərin səhnəyə qoyulmasında iştirak etsin. Bütün hallarda yaxşı əsər üçün də peşəkar rejissor, istedadlı quruluşçu lazımdır”.

Yazıçının sözlərinə görə, dramaturgiyanın inkişafı üçün mühit olmalıdır, bu xüsusda  gənc pyes müəlliflərini stimullaşdırmaq üçün zəruri addımlar atılmır.

Poeziyanın problemlərinə də nəzər yetirən Elçinin fikrincə, digər janrlara nisbətdə bu istiqamətdə kəmiyyət və keyfiyyət qənaətbəxş sayıla bilər: “Poeziyamızda inkişaf daha güclüdür. Nəsr və dramaturgiya haqqında eyni sözü deyə bilmirik. İstedadlı gənclər çoxdur, ancaq bu istedadı üzə çıxarmaq lazımdır. Dünyagörüşünün artırılması, güclü mütaliə istedadın inkişaf etdirilməsinə kömək etməlidir. Müəllifi də hər hansı janra istiqamətləndirmək, daha doğrusu, “bu janrda yazmaq lazımdır” demək olmaz. Çünki mövzu özü janrın tapmalıdır. Çox vaxt müəlliflər əsərin formasını özləri adlandırır və daha çox populyar olanlara qaçırlar. Oxuyanda bunun tam əksini görürsən. Məsələn, postmodernist üslubda əsər yazdığını deyir. Amma bu yanlış təqdimatdır. Bunu sənin oxucun müəyyən edib, özlüyündə təyinini verəcək...”.

Ədəbiyyatın “canlı orqanizm” olduğunu deyən yazıçı bildirdi ki o, hər an eyni ovqatda ola bilməz. Ədəbiyyat fərqli-fərqli dövrlərdə gah inkişaf edir, gah onda müəyyən durğunluq müşahidə olunur ki, burada hər hansı bədbinliyə əsas yoxdur.

Xalq yazıçısı roman janrı ilə bağlı vəziyyətə də toxundu, irihəcmli əsərlərin az yazıldığını dedi. Uşaq ədəbiyyatındakı problemlərdən də bəhs edərək bu sahədəki durğunluqdan təəssüflə söz açdı.

Sonda oxucuların “Son zamanlar daha çox hansı mövzularda əsərlər oxuyursunuz?” sualına cavab verən müəllif  bildirdi ki, yaxşı yazıçı həm də zövqlü oxucu olmalı və daim mütaliə ilə məşğul olmalıdır, özünə gəlincə, son zamanlar daha çox tarixi mövzulara, o cümlədən SSRİ tarixi ilə bağlı materiallara maraq göstərir.

***

Nəsrin, bədii fikrin yeni axınlarının polemikasının ardınca ruhunda izahsız bir saflığı israrla qoruyub saxlayan və onu səxavətlə oxucusuna izhar edən Xalq şairi Nəriman Həsənzadə ilə görüş oldu.

Tədbirdə çıxışı edən Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli görkəmli qələm ustasının əsərlərindən ibarət oncildliyin yenicə çapdan çıxan ilk cildi barədə məlumat verdi. Bildirdi ki, şairin yaradıcılığı, dillər əzbəri olan şeirləri hər zövqdən və nəsildən olan oxucular üçün maraqlı və  doğmadır: “Onun zərif qəlbinin, saf hisslərinin, kövrək duyğularının poetik tərənnümü olan bu şeirlər oxucu kimi bizi də öz təsirinə asanlıqla sala  bilir. Çünki hər birinin mayasında dürüstlük,  səmimiyyət və ülviyyət var”.

Əsl poeziya axşamı olan görüşdə köhnə-yeni yazdıqlarını həzin səsində oxucuları üçün söyləyən şair həyat, keçənlər barəsində də xatirələrini bölüşdü.

Hər nəsildən olan oxucularının suallarını, yaradıcılığı haqqındakı fikirlərini diqqətlə dinləyən şair poeziyanın bütün zamanlar üçün aktuallığını vurğuladı. Bildirdi ki, dünya nə qədər dəyişib, elm, texnika nə qədər inkişaf etsə də insan hissi, onun ifadə formaları üçün yaradıcılıq, ədəbiyyat, xüsusən də poeziya daim əsas vasitədir.

Nəriman Həsənzadə yeni çoxcildliyinin ilk cildinin nəşrinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını da bildirdi: “Şairin, müəllifin hər kitabı, hər yeni nəşri bir sevincdir. Düzdür, indi çoxlarına elə gəlir ki, kitab oxunmur, onu kompüter əvəz edir. Maraqlıdır, kitab oxuyan dostlarım da belə deyir. Amma inanıram və bilirəm ki, kitab oxunur, sevilir və daim uca tutulur”.

Poeziyasının işığında ömür yoluna nəzər salan, ilk sevgisindən ilk itkisinədək yaşadıqlarının yaradıcılığında öz əksini tapdığını bildirdən şair “Mən oxucumdan heç bir sirr sözümü gizlətməmişəm. Deyə bilmədiklərimi kağıza, vərəqə demişəm. Vərəq də onlara çatdırıb. Yəni deyəcəyim fikri səssiz demişəm. Onlar da eşidib” deyərək oxucularına təşəkkürü də unutmadı.

Həmidə Nizamiqızı