VIII Bakı Beynəlxalq Kitab Sərgisi (5-9 oktyabr) çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə istiqlal şairi Əhməd Cavadın şeirlərinin özbək və Azərbaycan dillərində nəşrinin təqdimatı keçirilib.

Tədbirdə millət vəkilləri, alimlər, ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbiri AMM-in direktoru Samir Abbasov açaraq bildirib ki, milli mədəniyyətimizə, ədəbiyyatımıza dair əsərlərin özbək dilinə tərcüməsi qardaş Özbəkistan oxucularına, ədəbiyyatsevərlərə, tədqiqatçılara öz ana dillərində oxumaq imkanı yaradır. Son illərdə AMM-in layihəsi ilə 100-dən çox nəşr özbək dilində işıq üzü görüb.

Əhməd Cavadın əsərlərindən ibarət “Mən həqiqət səsiyəm (“Man haqiqat sadosiman”)  kitabının əhəmiyyətindən danışan direktor bildirib ki, nəşr istiqlal şairinin 130 illik yubileyinə bir töhfədir.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında xüsusi yerə malik olan Əhməd Cavad yaradıcılığından söz açaraq şairin əsərlərinin yenidən nəşrinin, ələlxüsus da başqa bir dilə tərcümə edilərək çap olunmasını və belə bir mötəbər beynəlxalq sərgi çərçivəsində təqdimat mərasiminin keçirilməsini Azərbaycan ədəbiyyatşünaslığı üçün mühüm hadisə adlandırıb.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Əhməd Cavadın yubileyi ilə bağlı dövlətimiz və nazirlik tərəfindən həyata keçirilən silsilə tədbirlərdən söz açaraq AMM tərəfindən nəşr olunan kitabın təqdimatının da bu silsilənin davamı olduğunu qeyd edib.

Tədbirdə şairin nəticəsi Cavad Axundzadə babasının yaradıcılığına göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Mədəniyyət Mərkəzinə ailəsi adından təşəkkürünü bildirib.

Türkiyəli qonaq – şair tərcüməçi, Ə.Cavadın şeirlərini türk dilinə uyğunlaşdıran Kənan Çarboğa da Ə.Cavadın əsərlərinin tək Azərbaycan ədəbiyyatşünaslığı üçün deyil, bütövlükdə Türk dünyası ədəbiyyatşünaslığı üçün də böyük dəyərə sahib olduğunu bildirib.

Yeni nəşr Azərbaycan və Özbəkistan kitabxanalarına paylanılacaq.