Şuşa şəhərində inşa olunacaq daha 15 yaşayış binasının tikintisinə, abadlaşdırılma və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib.

İdarədən verilən məlumata görə, 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və “Archico” MMC tenderin qalibi elan olunub. Tenderin şərtlərinə görə şirkət tərəfindən avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası (Cənub yaşayış zonası) tikiləcək. Layihənin məbləği 41 milyon manata yaxındır. Şirkət tikinti başa çatdıqdan sonra binaların 24 ay ərzində istismarına da zəmanət verəcək.

Məlumatda qeyd olunur ki, Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir.

Bundan əvvəl Şuşada 8 yaşayış binasının inşası üzrə keçirilən tender müsabiqəsində “Conco” QSC  qalib olub və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bu şirkətə 15 milyon manat  ödəyəcək.