Oktyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan Parlamenti Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qonaqları salamlayaraq, Azərbaycan və Gürcüstan arasında tarixi dostluq, mehriban qonşuluq münasibətlərindən söz açıb. Ulu öndər Heydər Əliyev və onun siyasətini davam etdirən Prezident İlham Əliyev tərəfindən iki ölkə arasında əməkdaşlığa, dostluğa hər zaman böyük önəm verildiyi diqqətə çatdırılıb.

Qənirə Paşayeva Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında tarixi, mədəni və dini abidələrin erməni vandalizminə məruz qalmasından danışaraq, bu cür vandalizmə qarşı səylərin birləşdirilməsinin əhəmiyyətinə toxunub. O, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, Azərbaycan və Gürcüstan mədəniyyətlərinin qarşılıqlı təbliği və tanıdılması ilə bağlı fikirlərini bölüşüb.

Gürcüstan Parlamenti Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze ölkələrimiz arasında mədəniyyət sahəsində münasibətlərə diqqət çəkib, rəhbərlik etdiyi komitənin də bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu deyib. O, dünyanın bu gərgin dövründə mədəniyyətlərin sülhə verə biləcəyi töhfələr, bu istiqamətdə UNESCO-nun rolu və Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın nümunəvi fəaliyyəti barədə fikirlərini bölüşüb.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlar Razi Nurullayev, Ülviyyə Həmzəyeva, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze mədəniyyətlərin qarşılıqlı təbliği, Azərbaycan və gürcü dillərinin məktəblərdə tədrisi məsələlərinə dair fikirlərini səsləndiriblər.