“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları”nın müvafiq bəndinə əsasən yaradılmış Komissiya tərəfindən 2022/2023-cü tədris ili üçün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticəsinə yenidən baxılıb.

Ümumilikdə  müsahibə nəticəsinin yenidən araşdırılması ilə bağlı nazirliyə 22 nəfərin müraciəti daxil olub. Onlardan 19 nəfərinin müraciətinə 7 və 10 oktyabr tarixlərində Komissiya üzvlərinin iştirakı ilə baxılıb. 3 nəfər isə şikayəti ilə bağlı Komissiya tərəfindən təyin edilmiş iclasda iştirak etməyib.

Şikayətçilərin və dəvət olunan ekspertlərin iştirakı ilə müvafiq müsahibələrin videoyazıları təhlil edilib və müsahibələrin nəticəsi barədə yekun qərarlar verilib.

Komissiyanın qərarlarına əsasən, 6 nəfərin – Hüseynli-Babayeva İradə Ramil qızı (fortepiano), Rəhimli Esmira Kərim qızı (fortepiano), Parlanzadə Kamal Əfqan oğlu (tar), Əliyeva Fidan Vüsal qızı (violin), Əbdülqasımova Lalə Elman qızı (musiqi nəzəriyyəsi) və Asalıyeva Anelya Nizami qızının (musiqi nəzəriyyəsi) müvafiq ixtisaslar üzrə vəzifəyə uyğun hesab edilərək şikayətləri təmin edilib.

Nazirliyin ehtiyat kadrlar siyahısına əlavə edilən həmin namizədlərin tədris ili ərzində müvafiq vakant vəzifə yaranacağı təqdirdə onların razılıqları ilə həmin vəzifələrə təyin edilməsi nəzərdə tutulur.

Şikayətləri təmin edilməyən namizədlərin müsabiqənin test mərhələsində göstərdiyi nəticələr 2 il müddətində qüvvədədir. Həmin müddət ərzində onlar nəticələrinə uyğun olaraq məktəb və mərkəzlərdə müəllimlərin işə qəbulu ilə əlaqədar təşkil ediləcək müsahibələrdə birbaşa iştirak edə bilərlər.