2022-ci ildə Ərəb regionu üzrə “İslam dünyasının turizm paytaxtı” elan edilmiş İordaniyanın Mədəbə şəhəri Azərbaycanla mədəniyyət və turizm sahələrində əməkdaşlıqda maraqlıdır.

Ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimovun Mədəbə vilayətinin qubernatoru Nayif əl-Hidayət ilə görüşündə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Mədəbənin meri Arif əl-Rəvacihin də iştirak etdiyi müzakirələrdə qeyd olunub ki, bu şəhərlə Azərbaycanın mühüm turizm mərkəzləri arasında birgə layihələrin həyata keçirilməsi, habelə qarşılıqlı səfərlər və təcrübə mübadiləsi hər iki ölkə üçün faydalı olacaq.

Səfir E.Səlimov ölkəmizin turizm potensialı, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib. Diqqətə çatdırıb ki, “Azərbaycan Hava Yolları” QSC Bakı və Əmman arasında aviareyslər təşkil edir.

Görüşdə Mədəbə Turizm Departamentinin rəisi Vail əl-Ceynini Azərbaycan səfirinə turizm sektorunun fəaliyyəti və potensialı barədə məlumat verib. Azərbaycanlı qonaqlar Mədəbədəki turistik məkanlar və Mozaika İnstitutu ilə tanış olublar.