Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev oktyabrın 13-də Birləşmiş Millətlər Sülh Universitetinin (UPEACE) BMT-nin Cenevrə Ofisi və UNESCO yanında daimi nümayəndəsi, səfir David Fernandez Puyana ilə görüşüb. UPEACE (The University for Peace) BMT-nin müvaviq qətnaməsi ilə 1980-ci ildə yaradılıb.

Görüşdə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıq məsələləri barədə qonağa məlumat verilib.

Elnur Əliyev həmçinin Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı Prosesi” haqqında danışıb. “Bakı Prosesi”nin tərkib hissəsi kimi 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal  təşəbbüsünün irəli sürüldüyü diqqətə çatdırılıb. Qlobal təşəbbüs çərçivəsində Azərbaycanın sülhü təbliğ etdiyi, dövlətimizin bölgədə əmin-amanlığa nail olmaq yolunda addımlar atmağa hazır olduğu vurğulanıb.

Görüşdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ötən il keçirilən “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumundan da bəhs olunub. E.Əliyev bu beynəlxalq layihənin əhəmiyyətindən söz açaraq bildirib ki, nüfuzlu alim və tədqiqatçıları bir araya gətirən forum mütəfəkkir şairin insanları mərhəmətə, millətləri sülhə, ədalətin və harmoniyanın ümumbəşəri səltənətinin qurulmasına səsləyən poetik mirasının təbliğinə həsr olunmuşdu.

David Fernandez Puyana xüsusi vurğulayıb ki, Azərbaycan zəngin mədəniyyətə sahib ölkədir. O, həmçinin dövlətimizin mədəniyyətlərarası dialoqun inkişafında gördüyü işlərin təqdirəlayiq olduğunu  bildirib.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.