İlham Əliyev: “Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalıyıq”

 

Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə görüşü, fikrimcə, bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bu ilin aprelində Qırğızıstan Prezidenti Sadır Japarovun Bakıya səfəri zamanı imzalanmış bəyannaməni xatırladaraq bildirib ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. İlham Əliyev qeyd edib ki, biz bu bəyannaməni konkret məzmunla zənginləşdirəcəyik. Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir.

“Xalqlarımız arasında münasibətlər böyük tarixə malikdir” deyən Prezident İlham Əliyev bildirib ki, Bişkek şəhərində iki məktəbə dahi Azərbaycan şairi Nizami Gəncəvinin və müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adının verilməsini xalqımıza hörmət əlaməti kimi dəyərləndiririk.

Prezident Sadır Japarov çıxışında iki xalqın ortaq tarixə, köklərə, mədəni irsə və milli xüsusiyyətlərə malik olduğunu vurğulayaraq Qırğızıstanın bu kontekstdə Azərbaycanla mədəniyyət, təhsil, elm, turizm, idman sahələrində münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Qeyd edib ki, paytaxt Bişkekdə istifadəyə verilən Heydər Əliyev adına və Nizami Gəncəvi adına məktəblərdə təhsil alan gənclərimiz qardaş Azərbaycan ilə Qırğızıstan arasında dostluq və əməkdaşlıq körpüsünə çevriləcəklər. Sadır Japarov bildirib ki, tikintisi azərbaycanlı dostlarımızın köməyi ilə başa çatdırılan Qırğızıstan-Azərbaycan Dostluq parkı da münasibətlərimizi simvolizə edən məkan  olacaq.

“Xatırlayıram ki, Bakıdakı görüşümüzdə mən “Manas” dastanında əsrlərin dərinliklərindən gələn qırğız mənəvi irsinin aparıcı mövzusunun birlik olması haqqında bizim dahi həmyerlimiz, yazıçı Çingiz Aytmatovdan sitat gətirdim. Biz birliyi, ləyaqəti, ədaləti dərindən qiymətləndirir, onlara ehtiramla yanaşırıq... 1995-ci ildə “Manas” dastanının 1000 illik yubileyinin qeyd olunması zamanı Qırğızıstana səfər edən Azərbaycan xalqının dahi oğlu və ölkənin ümummilli lideri hörmətli Heydər Əlirza oğlunun sözlərindən sitat gətirmək istəyirəm. O qeyd edirdi ki, biz bir-birimizi qəlbimizlə hiss edirik və anlayırıq. Biz öz tərəfimizdən, həmçinin vurğulamaq istəyirik ki, azərbaycanlı qardaşlarımızla əməkdaşlığın bütün istiqamətləri üzrə səmərəli işə hazırıq”, – deyə Sadır Japarov əlavə edib.

Qeyd edək ki, mədəni-humanitar sahədə əməkdaşlığın önəmi prezidentlərin iki ölkə arasında sənədlərin imzalanmasından sonra mətbuata bəyanatlarında da xüsusi vurğulanıb.

Sadır Japarov çıxışında əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanmasını diqqətə çatdıraraq bu kontekstdə 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəldiklərini deyib.

Prezident İlham Əliyev imzalanan sənədlər arasında Bakı və Bişkekin qardaşlaşmasına dair memorandumun olmasını da xüsusi qeyd edib: “Biz, həmçinin bu siyahının digər şəhərlərimizlə də davam etməsini müzakirə etdik. O cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq”.

***

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Bişkekdə iki ölkə prezidentlərinin iştirakı ilə Qırğızıstan-Azərbaycan Dostluq parkının açılışı olub.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev deyib: “Qırğız torpağında bir daha görürəm ki, bu qardaşlıq sözdə deyil, əməldədir. Biz Qırğızıstan Prezidenti ilə bu gün məsələlərin geniş spektrini müzakirə etdik. Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk...”.

Prezident Sadır Japarov vurğulayıb ki, Qırğızıstan-Azərbaycan Dostluq parkının açılışı iki ölkə arasında dostluq münasibətlərinin və təkcə siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda iki qardaş xalqın tarixi əlaqələrinin möhkəmləndirilməsinin parlaq sübutudur: “Bu park qədim münasibətlərimizin, dərin tarixi, mənəvi və əxlaqi kökləri, dəyərləri, ənənələri olan ölkələrimizin möhkəm dostluq və qardaşlıq rəmzi kimi çıxış edir. Məhz bu, qurduğumuz müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəm təməlidir”.

Oktyabrın 11-də Prezident Sadır Japarovun adından Azərbaycanın dövlət başçısının rəsmi qəbulu təşkil edilib. Rəsmi qəbulda konsert proqramı təqdim olunub.

Sadır Japarov ulu öndər Heydər Əliyevlə bağlı fotoalbomu İlham Əliyevə hədiyyə edib.  Albomda Heydər Əliyevin 1995-ci ildə Qırğızıstanda “Manas” eposunun 1000 illiyi tədbirlərində iştirakına dair fotolar da yer alıb. Prezident İlham Əliyevə qırğızlar haqqında Azərbaycan dilində kitab da təqdim edilib. Prezident İlham Əliyev kitabı alarkən deyib: “Bu kitab ona görə hörmətə layiqdir ki, biz öz dillərimiz – ortaq köklərə malik Azərbaycan dili və qırğız dili vasitəsilə bir-birimizi anlamalıyıq, bir-birimizin tarixi ilə fəxr etməliyik və bu gün razılaşdığımız kimi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bizdən asılı olan hər şeyi etməliyik”.

***

Oktyabrın 12-də Bişkekdə Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və Sadır Japarov mərasimdə iştirak ediblər. Dövlət başçıları məktəblə tanış olublar.

Həmin gün Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin də açılışı olub. Mərasimdə çıxış edən Prezident İlham Əliyev hər iki məktəbin müəllim və şagirdlərini Azərbaycana dəvət edib: “Mən sizi yaxın tətillərdə dəvət edirəm. Biz sizin səfərinizi, Bakıda, arzulasanız Azərbaycanın digər yerlərində qalmağınızı təşkil edəcəyik. Fikrimcə, bütövlükdə, bizim tədris müəssisələri ilə belə münasibətlərin, əlaqələrin yaradılması üzrə işlərə artıq indi başlamaq lazımdır. Bu, bizim gəncləri əməkdaşlıq, qardaşlıq, dostluq ruhunda tərbiyə edəcək. Bu, bizi qarşılıqlı zənginləşdirəcək...”.

Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub. Prezident İlham Əliyev və Sadır Japarov tədbirdə iştirak ediblər.

Mədəni proqramda qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olunub. Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçalar – “Şırdak”ı təqdim ediblər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış olublar. Qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edilib.

Prezidentlər həmçinin milli geyim kolleksiyalarından ibarət sərgiyə baxıblar. Dövlət başçılarına ənənəvi “Salbuurun” ovunun elementləri də nümayiş etdirilib.