Xəbər verdiyimiz kimi, 5-19 oktyabr tarixində Parisdə UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası keçirilir. Sessiyanın plenar iclaslarında İcraiyyə Şurasının 28 üzv ölkəsinin milli bəyanatları dinlənilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkəmizin milli bəyanatını təqdim edib.

Bəyanatda Azərbaycanın Ermənistanın ərazisində olan mədəni irsinin cari vəziyyətini qiymətləndirmək məqsədilə UNESCO missiyasının göndərilməsinə dair vətəndaş cəmiyyətlərinin, eləcə də QHT-lərin dəfələrlə müraciət etdiyi də xatırladılıb.

Elman Abdullayev bildirib ki, UNESCO-ya üzvlüyünün 30 illiyini qeyd edən Azərbaycan bu illər ərzində təşkilatın mandatına uyğun olaraq bütün sahələr üzrə öz töhfələrini verib.

İcraiyyə Şurasının 214-cü sessiyasından sonra Azərbaycan-UNESCO arasında əməkdaşlığın daha da dərinləşdiyi, ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələr qeyd edilərək, 2023-cü ilin mart ayında Bakının İdman Nazirlərinin 7-ci Beynəlxalq Konfransına (MINEPS VII) ev sahibliyi edəcəyinə dair məlumat verilib. Bəyanatda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətindən, verdiyi töhfələrdən bəhs edilib və ölkəmizin UNESCO-nun irqçilik və hər növ ayrı-seçkiliyə qarşı fəaliyyətini təqdir etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın 30 il ərzində genişmiqyaslı təcavüzə məruz qaldığı xatırladılaraq bildirilib ki, işğal dövründə Azərbaycanın əraziləri tamamilə dağıdılıb, doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə insan öz mədəni hüquqlarından məhrum olub. Bu illər ərzində Azərbaycan dəfələrlə UNESCO-ya bölgəyə texniki missiya göndərməyinə dair müraciət etsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə belə missiyaların reallaşması mümkün olmayıb.

Sonda Azərbaycanın 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi”nə və MINEPS VII konfransına dair İcraiyyə Şurasının 215-ci sessiyasının gündəliyinə 2 qərar layihəsi təklif edildiyi diqqətə çatdırılıb.

***

Sessiyanın oktyabrın 13-də keçirilən iclasında UNESCO-da Qoşulmama Hərəkatına (QH) üzv ölkələr qrupuna Azərbaycanın sədrliyi çərçivəsində QH ölkələrinin bəyanatı da səsləndirilib.

Bəyanatda qeyd edilib ki, Qoşulmama Hərəkatı yarandığı gündən qlobal sülhün, ədalətin və həmrəyliyin inkişafında böyük rol oynayıb. BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq qurum kimi müxtəlif 120 ölkəni birləşdirən QH multilateralizmin əsl nümunəsidir.

QH-yə üzv dövlətlərin UNESCO-nun bu ilin sentyabr ayında təşkil olunmuş Təhsilin Transformasiyası Sammiti və MONDIACULT Konfransını təqdir etdiyi bildirilib. QH ölkələr qrupu UNESCO-nu Afrika, gender bərabərliyi kimi qlobal prioritetlərə dair səylərini davam etdirməyə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə, eləcə də gənclər məsələlərinə də prioritet yanaşma tətbiq etməyə çağırıb.