Azərbaycanlı modelyerin kolleksiyası Qazaxıstanda təqdim olunub

 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın kəlağayıdan yaratdığı “İpək sərvət” geyim kolleksiyası Qazaxıstanda “Aspara Fashion Week” beynəlxalq layihəsinin onuncu mövsümü çərçivəsində təqdim olunub.

“İpək sərvət” layihəsi “Azerbaijan Kelagayi” milli brendi ilə birgə reallaşdırılıb. Taraz şəhərinin “Көне Taraz” etnomədəni kompleksinin “Şahristan” sərgi pavilyonunda baş tutan dəfilə böyük maraqla qarşılanıb. Moda həftəsi “Taraz-sənətkarlar şəhəri” Beynəlxalq sənətkarlıq sərgisi çərçivəsində təqdim edilib. Tədbirdə İtaliya, Almaniya, Polşa, Türkiyə, Çexiya, Çin, Rusiya, Fransa, Bolqarıstan, Hindistan, Ukrayna, Niderland, Qırğızıstan, Tailand, Qazaxıstan və Özbəkistandan tanınmış dizaynerlər iştirak ediblər.

Ekspozisiyada həmçinin “Cizgi by Gulnara Khalilova”dan Qarabağ və xarıbülbül çiçəyi olan milli naxışlarla ipək yaylıqlar və libaslar, araxçınlar, müxtəlif aksesuarlar təqdim olunub. Dizayner “Aspara Fashion Həftəsi” və “Taraz – sənətkarlar şəhəri” beynəlxalq sərgisində iştirakına görə diplomla təltif olunub.

Qeyd edək ki, 2017-ci ildə dünyanın nüfuzlu geyim dizaynerlərindən Aydarxan Kaliyev tərəfindən yaradılmış “Aspara Fashion Week” bu il “Mədəniyyətlərin dialoqu” devizi altında keçirilib.