Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad edib, 30 il davam edən Qarabağ münaqişəsinə son qoyub, ədaləti bərpa edib. Azərbaycan bununla BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin edib.

Prezident qeyd edib ki, Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı Azərbaycanın şəhər və kəndləri, mədəni və dini abidələr, məscidlər məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib:  “Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Biz işğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar etdik. Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Biz iki ilə yaxındır ki, bu məlumatı tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir”.

Prezident bildirib ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

“Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb”, – deyə İlham Əliyev əlavə edib.

Prezident çıxışında ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına töhfələrindən də bəhs edib.  Bildirib ki, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastruktur layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

Zirvə toplantısında digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri də çıxış ediblər. AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi planları müzakirə olunub. 2022-2024-cü illərdə AQEM-ə Qazaxıstan sədrlik edəcək.

Sonda Astana Bəyannaməsi və digər sənədlər qəbul edilib.

Qeyd edək ki, əsas məqsədi və istiqamətləri Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin əsası 1992-ci ildə  Qazaxıstanın təşəbbüsü ilə qoyulub.

Zirvə toplantısında Küveyt də AQEM-ə qəbul olunub və üzv dövlətlərin sayı 28-ə çatıb. Türkmənistan isə AQEM-ə müşahidəçi qismində qoşulub.