Xəbər verdiyimiz kimi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” mükafatının 2022-ci il üçün qalibləri elan edilib.

Kinorejissor İlkin Yusifin “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filmi də “Humay” milli mükafatına layiq görülüb. Film mükafata namizəd olaraq Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) tərəfindən təqdim olunub.

“Mən qəhrəman axtarıram” filminin çəkilişləri 2019-2022-ci illərdə aparılıb. Filmin yerli premyerası AKİ-nin təşkilatçılığı ilə bu ilin martında “Azərbaycan” kinoteatrında gerçəkləşib.

Film uğurlu rejissor işinə görə AKİ-nin illik ənənəvi mükafatını da qazanıb. Bundan başqa, film bu il keçirilən VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında “No-Main” müsabiqəsində “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında qalib olub.

Ekran əsərində müəllif kameranın köməyi ilə həmvətənlərinin simasında filminə qəhrəman axtarır və eyni zamanda özünü tapmağa çalışır. Film Azərbaycan sənədli kinosunda az rast gələn “road movie” (“yol filmi”) formatında çəkilib.

Lalə