Burhan Kayatürk: “Əgər bu gün biz gənclərimizə Türkiyədə və Azərbaycanda daha yaxşı şərait yaratmasaq, o zaman onlar başqa ölkələrə meyllənəcək...”

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin iqtisadiyyat məsələləri üzrə müavini, sabiq millət vəkili, Türkiyədəki Pakistan Dostluq Qrupunun rəhbəri Burhan Kayatürklə söhbətimizdə xüsusilə də Qarabağ müstəvisində Türkiyə-Pakistan-Azərbaycan münasibətlərinə toxunduq.

 

– Burhan bəy, siz Türkiyə Böyük Millət Məclisində Türkiyə-Pakistan parlamentlərarası dostluq qrupunun sədri, Asiya Parlament Assambleyasının komissiya sədri olmusunuz. Bu sahədə xidmətlərinizə görə Pakistanın “Dövlət nişanı” ilə təltif edilmisiniz. Pakistanla indi nə kimi əlaqələriniz mövcuddur?

– 1990-cı ildə mən Türkiyə ilə Pakistan arasında tələbə mübadiləsi proqramı çərçivəsində Pakistana getdim və Lahor Texniki Universitetində təhsil aldım, magistratura təhsilimi isə Amerikada davam etdirdim. Türkiyəyə döndükdən sonra Pakistanda ixtisasım üzrə elektrik mühəndisinə ehtiyac oldu və mən Pakistanla və Nepalla da əməkdaşlıq edən bir türk şirkəti ilə işə başladım. Pakistanın 3 böyük şəhərində layihələrə rəhbərlik etdim. Təhsil illərim də daxil olmaqla Pakistanda ümumilikdə 10 il fəaliyyət göstərdim. Bu səbəbdən o bölgəni yaxşı bilirəm, orada Pakistanın rəsmi dili olan urdu dilini, eləcə də hindcə danışmağı öyrəndim. Türkiyəyə qayıtdıqdan sonra da Türkiyə-Pakistan Dostluq Qrupu Təşkilatına rəhbərlik etdim, yəni siyasi fəaliyyətə başlamadan öncə də, millət vəkili olduqdan sonra da təşkilatda işim davam edir. Həmçinin millət vəkilliyim dönəmində TBMM-də Türkiyə-Pakistan parlamentlərarası dostluq qrupuna rəhbərlik etdim. Bu səbəbdən də Pakistanla belə sıx dostluq əlaqələrimiz yarandı. Amma yalnız Pakistan deyil, mənim Hindistan, Nepal, Əfqanıstanla da sıx əlaqələrim var.

 

– 44 günlük Qarabağ savaşında Azərbaycan cəmiyyəti Türkiyə ilə bərabər Pakistanın da dəstəyini hiss etdi. Bu gün ölkəmizdə bir sıra yerlərdə Azərbaycan, Türkiyə və Pakistan bayraqları birgə dalğalanır, insanlarımız bu dəstəyə minnətdarlığını bu cür nümayiş etdirirlər. Siz Azərbaycan-Türkiyə-Pakistan birliyini necə dəyərləndirirsiniz?

– Son zamanlar, xüsusilə II Qarabağ savaşı dönəmində Pakistanın Azərbaycana çox ciddi diqqətinin olduğunu gördüm. Pakistanlılar İslam aləmində yeniliklərə ehtiyac olması haqqında davamlı fikirlər bildirirdilər. Türkiyənin Azərbaycanla yanaşı Pakistanla da möhkəm əlaqələri var. Pakistandan bizim ölkəyə təhsil almağa gələn tələbələr Türkiyə ilə Azərbaycan arasındakı mehribanlığa şahid olurlar, onlar Türkiyənin ən çox sevdiyi ölkənin Azərbaycan olduğunu görürlər. Məncə, bu da onlara sirayət edir və üç ölkə arasında əlaqələr möhkəmlənir. Pakistanın həm də çox güclü hərbi infrastrukturu var. Mənə görə Azərbaycanın Qarabağ zəfəri Türkiyə, Pakistan və Azərbaycanın birliyini daha da möhkəmləndirdi.

 

– Cənab Kayatürk, bir məsələni qeyd edim ki, Azərbaycan-Pakistan əlaqələrinin əsası Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. XX əsrin əvvəllərində Pakistanda kütləvi epidemiya olub və Tağıyev şəxsi vəsaiti ilə oraya tibbi ləvazimat, peyvənd göndərib. Bu, Pakistanda tarix dərsliyinə də salınıb. Pakistan da Azərbaycana müstəqilliyimizin ilk illərində maddi yardım edib. Heydər Əliyevin hakimiyyəti dönəmində və sonra bu əlaqələr daha da möhkəmlənib. Heydər Əliyev Fondunun Pakistanda məktəb tikintisi və s. layihələri var. Fondun rəhbəri Mehriban xanım Əliyeva bu yardımlara görə "Hilal-e Pakistan” mükafatı ilə təltif olunub. Bu yaxınlarda Azərbaycan Hökuməti Pakistanda güclü daşqınlardan zərərçəkənlər üçün maddi yardım göstərdi...

– Çox gözəl, bu məlumatlara görə təşəkkür edirəm, mən də bu məlumatlarla daha ətraflı tanış olaram. Türkiyənin də Pakistanla əlaqələrinin maraqlı tarixi var. Qurtuluş savaşında Hind yarımadasındakı müsəlmanlar bizə o vaxtın pulu ilə 721 min lirə yardım ediblər. O vaxt onların hələ müstəqil dövləti yox idi. Onların niyyəti Türkiyəni qorumaq olub. Mustafa Kamal Atatürk bu pulun 220 min lirəsinə Ankarada böyük meşə təsərrüfatı (Atatürk Orman Çiftliyi) salıb, 501 min lirə ilə isə Türkiyə İş Bankını qurub. Bu gün Türkiyə cəmiyyəti, bütün siyasilər, təbii ki, bunu unutmurlar və yüksək dəyərləndirirlər. Ağır günlərində hər iki ölkə bir-birinə təmənnasız dəstək verir. Məsələn, Pakistanda olan son sel fəlakətinə görə 12 təyyarə, 5 qatar dolu avadanlıq göndərdik. 2005-ci ildə Pakistanda olan güclü zəlzələdə ən böyük dəstək Türkiyədən oldu.

Onu da qeyd edim ki, Pakistan xalqı İslam aləmində problemlərinin olduğu hər yerdə həllinə çalışırlar, bu ölkənin rəhbərliyi kim olursa-olsun, fərq etməz, xalq məzlumların yanındadır, cəmiyyət problemlərin çözümü üçün aktivdir və ölkə rəhbərliyinin seçimində obyektivdir, rəhbərlik də xalqın bu tələbinə həssas yanaşır. Pakistan Hindistandan 1947-ci ildə İslam dövləti qurmaq üçün ayrılıb, adından da göründüyü kimi, “pak” təmiz anlamındadır. Hindistana da uzun illər moğol türkləri, müsəlmanlar başçılıq edib, Əkbər Şah, Cahan Şah və sairə. Bu tarixdə ən güclü dönəmlər türklərin Hindistana başçılıq etdiyi dövrlərdir. Pakistan xalqı hələ də bu tarixlə öyünür, bununla qürur duyur. Tac Mahal daxil olmaqla bu ərazilərdə türklərə məxsus çox tarixi abidələr var. Pakistanda da moğol türkləri ilə bağlı tarixi yerlər hələ də qorunur. Lahor qalası da onlara aiddir. Pakistanın məşhur milli şairi Məhəmməd İqbal orada dəfn edilib.

 

– Söhbətlərinizdən birində Azərbaycanla bağlı biznes əlaqələrinizin qurulacağını bildirmişdiniz. Bir siyasətçi, iş adamı və mühəndis olaraq Azərbaycan-Türkiyə əlaqələri ilə bağlı nə kimi düşüncələriniz var?

– Hesab edirəm ki, illərlə işğal altında olmuş torpaqlarını azad edən Azərbaycanın bundan sonrakı gələcəyi daha parlaq olacaq. Türkiyə ilə Azərbaycanın qardaşlıq, müttəfiqlik münasibətləri daha da inkişaf edəcək və möhkəmlənəcək. İşə gəlincə, xaricdə, Qazaxıstan və başqa ölkələrdə yatırımlarımız var. 4 il öncə də Bakıda iki mağazamız və şirkətimizin nümayəndəliyi açıldı, başqa heç bir ölkədə belə bir nümayəndəliyimiz yoxdur. Mənim üçəm övladlarım var – biri mühəndis, biri vəkil, biri psixoloq ixtisasına yiyələnməyi arzulayırlar. Onlar Qarabağa getməyi çox istəyirlər. Gələn il ali məktəbə daxil olduqdan sonra Azərbaycana, Qarabağa birgə səyahət etməyi planlaşdırmışıq.

 

– Bir söhbətinizdə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə fərqli güzəştlərin tətbiq edilməsinə tərəfdar olduğunuzu demisiniz. Sizcə, bunun hansı şəkildə reallaşdırılması mümkündür?

– Sadəcə, təhsil baxımından deyil, bir-birini sevən dəstəkləyən iki ölkənin arasında münasibətlərə, o cümlədən tələbə mübadiləsinə özəl bir yanaşma olmalıdır. Azərbaycanlı tələbələr burada türkiyəli tələbələr statusunda təhsil almalıdır. Gələcəyimizi mədəni bağlarla daha möhkəm etmək istəyiriksə, bunu gənclər vasitəsilə etmək daha məntiqlidir. Əgər biz bu gün gənclərimizə bu istiqamətdə Türkiyədə və Azərbaycanda daha yaxşı şərait yaratmasaq, o zaman onlar başqa ölkələrə meyillənəcək. Bizim tariximiz, keçmişimiz, etnik varlığımız, dil və dinimiz bir olduğu halda, aramızda olan bu bağları bacardığımız qədər qorumalı və möhkəmləndirməliyik. İnsan bilmədiyinə düşməndir. Azərbaycan Türkiyəni, Türkiyə Azərbaycanı dərindən öyrənməli, tanımalıdır, gəlməlidir, getməlidir. Bunun üçün də Türkiyə universitetlərində sizin, Azərbaycan ali məktəblərində bizim tələbələrə hər cür şərait yaradılmalıdır. Tələbə əgər, misal üçün, Gürcüstanda daha uyğun qiymətə təhsil alarsa, niyə Türkiyəyə gəlsin ki? Bəzi məsələlərin hesabı aparılmaz, çünki o gələcəkdə daha böyük gəlir gətirəcək. Türkiyədə təhsil alan tələbə sabah Azərbaycanda baş nazir ola bilər, ikitərəfli əlaqələrimizi daha da inkişaf etdirər. Azərbaycanla bağlı edə biləcəyimiz nə dəstək lazımdırsa, mən də kömək etməyə hazıram.

Mehparə Sultanova
Ankara