Oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Trubadur” operasının növbəti tamaşası olacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada azərbaycanlı vokal ustaları ilə yanaşı, Özbəkistan və Rusiyadan dəvət olunmuş opera sənətçiləri də iştirak edəcəklər.

Özbəkistan Milli Opera və Balet Teatrının aparıcı solisti, bu ölkənin Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov tamaşada Manriko partiyasını, Sankt-Peterburq Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok şəhəri) solisti, beynəlxalq müsabiqələr laureatı Vyaçeslav Vasilyev Qraf di Luna, Mixaylovski Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Anastasiya Barun isə Leonora partiyasını ifa edəcəklər.

Tamaşada həmçinin Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artisti Əkrəm Poladov Ferrando, Əməkdar artistlər Səbinə Vahabzadə Azuçena, Tural Ağasıyev Ruis, solistlərdən Nina Makarova İnes, Elçin Əhədzadə isə qoca qaraçı rollarında çıxış edəcəklər.

Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.