Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Fikrət Hacıyevə həsr olunmuş “Torpağına baş ǝyǝrǝm" filmi nümayiş etdirilib. Baş İdarədən bildirilib ki, tədbirdə 233 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri və müəllim kollektivi iştirak edib.

Tədbirin aparıcısı Gülzar Tağıyeva Milli Qəhrəman Fikrət Hacıyevin şərəfli həyat yolu haqqında məlumat verib.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən Azərbaycanın Milli Qəhrəmanları haqqında 40-dan çox sənədli film çəkilib. “Torpağına baş ǝyǝrǝm” filminin ssenari müəllifi və rejissoru Aydan Əhmədovadır.

Fikrət Hacıyev 1964-cü il mayın 19-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. 1978-ci ildə 8-ci sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnib. 1982-1984-cü illərdə hərbi xidmətdə olub. Sonra Bakı Kooperativ Texnikumunda təhsil alıb.

Ermənistanın Azərbaycana ərazi iddialarının artdığı və torpaqlarımıza hücumlara başladığı 1991-ci ilin sonunda Fikrət Hacıyev könüllü olaraq cəbhəyə yollanıb. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edib. Goranboy döyüşlərində 1992-ci il 5 mayda qəhrəmancasına həlak olub. Qızılhacılı kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Fikrət Əli oğlu Hacıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Goranboy rayonu Ballıqaya kənd orta məktəbi Milli Qəhrəmanın adını daşıyır. Rayonda büstü qoyulub.