Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunda olub. “Azərbərpa”nın əməkdaşları ilə keçirilən görüşdə qurumun fəaliyyəti müzakirə edilib.

Dövlət Xidmətindən verilən məlumata görə, görüşdə ölkəmizdə tarixi abidələrin bərpası sahəsində yeganə elmi tədqiqat təşkilatı olan “Azərbərpa”nın bu prosesdə rolu, yeni çağırışlara uyğun iş üslubunun formalaşdırılması, öz ənənələrinə sadiq qalaraq qabaqcıl təcrübənin tətbiqi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə “Azərbərpa”nın təcrübəli memar və mütəxəssisləri yeni yanaşmalara, müasir çağırışlara hazır olduqlarını ifadə ediblər.

Dövlət Xidmətinin rəisi institutun inkişafı, bərpa prosesində tədqiqat işlərinin gücləndirilməsi, fəaliyyətin uğurla davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.