Mədəniyyət naziri Anar Kərimov oktyabrın 13-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.

Görüşdə nazir Azərbaycan və İsrail xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək, ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də sıx inkişaf etdiyini vurğulayıb. Bundan sonra da mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.

Corc Dik mədəniyyət nazirinin fikrinə şərik olduğunu bildirərək, dövlətlərimiz arasında mövcud olan səmimi dostluq və əhəmiyyətli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Anar Kərimov diplomata Azərbaycan Respublikası Prezidentinin “Bakı Prosesi” qlobal təşəbbüsü və Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) beynəlxalq çağırışı barədə də məlumat verib. Bildirib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhə töhfə verməkdir.

Anar Kərimov İsrailin mədəniyyət və idman nazirini ölkəmizə səfərə dəvət etdiyini bildirib və dəvət məktubunu səfirə təqdim edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.