Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqilliyə gedən yol” adlı tədbir keçirilib.

Baş İdarədən bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edib. Ötən 31 ildə Azərbaycan dövləti tarixi inkişaf yolu keçib.

Mərkəzin “Mərdəkan” Xalq teatrı “Azərbaycan” şeiri əsasında hazırlanmış kompozisiyanı təqdim edib, milli və vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Sonra “Mərdi məkan” ansamblının solisti Valid Tağızadə, “Bülbüllər” bədii özfəaliyyət dərnəyinin üzvü Aylin Bayramlı, aktrisa Səbinə Səlimova, gənc ifaçı Tərlan Məlikzadə, Murad Əbdürrəhmanov, Şuşa şəhər Bülbülcan adına Musiqi məktəbinin müəllimləri Xəyalə Əliyeva və Siyavuş Səyyafoğlu, həmçinin “Möcüzə” rəqs dərnəyi üzvlərinin çıxışları maraqla qarşılanıb.