14-16 oktyabr tarixində Gürcüstanın paytaxtında 4-cü “Tbilisi Etno Fest” yaradıcılıq sərgisi təşkil edilib.

Sərgiyə Gürcüstan, Ukrayna, Bolqarıstan, Çexiya və digər ölkələrin rəngkarlıq işləri üzrə ixtisaslaşmış şirkət və mütəxəssisləri qatılıblar. Ölkəmizi sərgidə “Pirşah” şirkəti təmsil edib.

Şirkət sərgidə Azərbaycan sənət ustalarının toxuculuq, rəngkarlıq işlərindən ibarət məhsullar təqdim edib. Eyni zamanda, sərgi çərçivəsində boyama, toxuculuq, rəngkarlıq və sair işlər üzrə ustad dərsləri təşkil olunub.

Azərbaycanlı mütəxəssis Könül Hüseynova iştirakçılar üçün ustad dərsi keçib. O, kəlağayı üstündə boya işləri, milli ornamentlərin təsvirinin düzgün verilməsi və digər sənətkarlıq işləri ilə bağlı təcrübəsini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sərgini ziyarət edənlər Azərbaycan pavilyonuna xüsusi maraq göstəriblər. Başqa ölkələrdən gələn sənət ustaları, mütəxəssislər də pavilyonu ziyarət ediblər.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin müşaviri Sərxan İsmayılov sərgidə olub, sənət ustalarına səfirlik adından lazımi dəstək göstərilib.