Media Reyestri oktyabrın 14-də fəaliyyətə başlayıb. Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanunun (2021-ci il 30 dekabr tarixində qəbul olunub) tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi ilə bağlı ölkə başçısı tərəfindən 8 fevral 2022-ci il tarixdə imzalanan fərmana əsasən, Medianın İnkişafı Agentliyinə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması tapşırılıb.

Nazirlər Kabinetinin 10 oktyabr 2022-ci il tarixli müvafiq qərarı ilə Media Reyestri şəhadətnaməsi və jurnalist vəsiqəsinin forması, həmçinin jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilib, bununla da Media Reyestrinin hüquqi təminatının yaradılması istiqamətində verilmiş tapşırıqların icrası yekunlaşıb.

Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatıb və 2022-ci il oktyabrın 14-dən etibarən Reyestr fəaliyyətə başlayıb.

Məlumatda diqqətə çatdırılır ki, media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən ASAN Login vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər.

Medianın İnkişafı Agentliyinin saytının “Qalereya” bölməsində “Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair məlumatlandırıcı çarx, “Media Reyestr”i bölməsində isə reyestrə müraciətlə bağlı detallı məlumatları əks etdirən təlimatla tanış olmaq mümkündür.