Dövlət Turizm Agentliyi (DTA) Quba rayonundakı “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılan təmir-bərpa, yenidənqurma işlərinə baxış məqsədilə oktyabrın 14-də mediatur təşkil edib.

DTA-nın sədri Fuad Nağıyev dəniz səviyyəsindən təxminən 2300 metr yüksəklikdə yerləşən və qışı sərt keçən Xınalıq kəndi ərazisində uçqunların baş verdiyini, evlərin istismar müddətinin bitməsi səbəbindən təhlükəsizlik amili nəzərə alınaraq zəruri tədbirlərin görüldüyünü deyib. Bildirib ki, kənddə ilin 4-5 ayı ərzində tikinti işlərinin aparılması mümkündür və bu səbəbdən təmir-bərpa işləri mərhələli şəkildə icra edilir.

Xınalıqda 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşir və ənənəvi üsulla tikilib. Təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 ev təmir-bərpa edilib, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar sökülərək yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib. Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir-bərpası aparılır. Gələn il hava şəraiti imkan verdiyi aylarda daha 32 evin təmir-bərpa işləri aparılacaq.

Qeyd edək ki, Xınalıq Quba rayon mərkəzindən 60 km məsafədə yerləşir. Nazirlər Kabinetinin 2001-ci ildə qəbul olunan  “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq Xınalıq kəndi dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur.

2022-ci ilin fevralında Dövlət Turizm Agentliyi tərəfindən “Xınalıq mədəni landşaftı və köç yolu” adlı nominasiya sənədi hazırlanaraq Dünya İrsi Siyahısına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib.