İstiqlal Muzeyində ədəbi-bədii tədbir

 

Azərbaycan İstiqlal Muzeyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə təşkilatçılığı ilə oktyabrın 14-də “Müstəqilliyimiz əbədidir!” adlı ədəbi-bədii tədbir keçirilib.

18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirdə bu günün tarixi əhəmiyyətindən danışılıb. Bildirilib ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa edib.

Vurğulanıb ki, müstəqilliyinin bərpasından ötən 31 ildə Azərbaycan böyük tarixi inkişaf yolu keçib. Artıq iki ildir ki, Azərbaycanın əbədi müstəqilliyinin sədası doğma Qarabağdan da gəlir.

Tədbirdə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin musiqi dərnəkləri uşaqlarının ifasında vətənpərvərlik mövzusunda mahnılar səslənib.

Sonda tədbir iştirakçıları Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyası və eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Əfqan Abdurahmanov, mayor Rüfət Əsgərov, Tofiq Kərimov, tibb xidməti leytenantı Turqut Xəlilbəyli, gizir Nicat Səmədov, Təbriz Qasımov, əsgər Sərxan Həsənov və Mustafa Babayevin muzeyin fondunda qorunan şəxsi əşyalarının nümayiş olunduğu sərgi ilə tanış oldular.

Tədbirdə Dövlət Sərhəd Xidməti xüsusi məktəbinin kursantları, “ASAN Könüllülər” iştirak ediblər.