17 oktyabr Azərbaycanın ən yeni tarixinə şan və şərəf salnaməsi kimi yazılan 2020-ci il Vətən müharibəsinin qalibiyyət soraqlı günlərindən biri – Füzuli şəhərinin erməni işğalından azad edilməsinin 2-ci ildönümüdür.

44 günlük müharibənin 21-ci günündə Azərbaycan Ordusu Zəfər salnaməsinə daha bir şanlı səhifə yazdı. Cəbhənin cənub cinahından Füzuli istiqamətində hücumu davam etdirən Silahlı Qüvvələrimiz Füzuli rayon mərkəzinin 27 ildən artıq davam edən işğalına son qoydu. Bu, Cəbrayıldan sonra Vətən müharibəsində işğaldan azad edilən ikinci rayon mərkəzi idi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərinin işğaldan azad olunması ilə bağlı televiziya vasitəsilə xalqa müraciət etdi. Dövlət başçısı Füzuli şəhəri ilə yanaşı rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin də işğaldan azad edildiyini bildirdi: “17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır...Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik...”.

Xatırladaq ki, Füzuli şəhəri və rayonun ərazisinin böyük hissəsi 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Həmin ilin oktyabrında rayonun ərazisi bütünlüklə düşmən əlinə keçmiş, 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzuli rayonunun Arazboyu kəndlərini və Horadiz qəsəbəsini düşməndən azad etmişdi.

2020-ci il sentyabrın 27-də – Vətən müharibəsinin ilk günündə Azərbaycan Ordusu Füzuli rayonun Qaraxanbəyli, Yuxarı Əbdurrəhmanlı, Horadiz, Qərvənd kəndlərini işğaldan azad etdi.

44 günlük Zəfər yürüşü buradan başlandı. Cənub istiqamətində 20 gün davam edən şiddətli döyüşlərdən sonra rəşadətli Ordumuz Füzuli şəhərində, daha doğrusu, 27 il sürən erməni işğalı dövründə yerlə yeksan edilmiş şəhərin xarabalıqları içində qalibiyyət bayrağını ucaltdı...