Dünya şöhrətli rejissorun filmləri nümayiş olunacaq

 

Bakıda görkəmli İsveç rejissoru İnqmar Berqmanın (1918-2007) seçmə filmlərinin nümayişi təşkil olunacaq. “İnqmar Berqmanla üzbəüz” adlı layihə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İsveç Krallığının ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı çərçivəsində reallaşacaq.

1, 8, 15 və 22 noyabr tarixlərində saat 19:00-da “Azərbaycan” kinoteatrında rejissorun “Pıçıltılar və qışqırıqlar”, “Yeddinci möhür”, “Fanni və Aleksandr”, “Persona” filmləri orijinal dildə, azərbaycanca və ingiliscə altyazılarla nümayiş etdiriləcək.

Təqdimatların moderatorları AKİ İdarə Heyətinin üzvü, sənətşünas Nadir Bədəlov və kinoşünas Sevda Sultanova olacaq.

Dünya kino tarixində özünəməxsus dəst-xətti ilə seçilən İ.Berqman filmlərində insan psixologiyasının dərinliklərinə varmaqdan çəkinmir, kino dilinin sərhədlərini genişləndirir. O, bütün filmlərində, demək olar ki, insan və Yaradan münasibətlərindəki problemləri ön plana çəkir, bir sıra mənəvi mövzuları sərt şəkildə kino dilinə çevirir. Rejissorun uşaqlıq travmaları, xatirələri də hər filmində müəyyən qədər özünü büruzə verir.

Lalə