Xəbər verildiyi kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin Kayseri şəhəri qardaşlaşıb. Müvafiq protokol Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasovun Kayseriyə səfəri zamanı imzalanıb.

Sənədi Məftun Abbasov və Kayseri Böyükşəhər Bələdiyyəsinin başqanı Memduh Böyükkılıç imzalayıblar. Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.

İmzalanan sənəd qardaşlaşmış şəhərlərin mədəni, sosial və iqtisadi münasibətləri, birgə proqram və layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm və s. sahələrdə əməkdaşlığı ehtiva edir. Protokol həmçinin qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” proqramı çərçivəsində əməkdaşlığı nəzərdə tutur.

Səfər zamanı nümayəndə heyəti Kayserinin görməli yerləri, eləcə də şəhərdəki Xocalı parkını ziyarət edib.

Xatırladaq ki, bundan öncə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə Ərzurum Bələdiyyəsi arasında da eyni məzmunlu sənəd imzalanıb. Şuşa şəhəri TÜRKSOY-un qərarı ilə 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilib. Bu baxımdan Türk dünyasının şəhərləri ilə qardaşlaşma xüsusi əhəmiyyət kəsb edir. Məftun Abbasov bu istiqamətdə fəaliyyətin davam edəcəyini deyib.

İdarə heyətini Kayseri valisi Gökmən Çiçək də qəbul edib. Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, vali ilə görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Kayseri Erciyes Universitetinin məzunu Murad Məmmədovun adının əbədiləşdirilməsi barədə də söhbət açılıb. Vətən müharibəsi şəhidinin adının Kayseridə məktəblərdən birinə verilməsi barədə razılığa gəlinib.

Valiyə Azərbaycanın Vətən müharibəsində Zəfərinin rəmzi olan “Xarıbülbül” döş nişanı hədiyyə olunub.