Oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd olunur.

30 avqust 1991-ci ildə Azərbaycan Parlamentinin – Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edilib. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Həmin il oktyabrın 18-də isə Ali Sovetin sessiyasında "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunub.

Əlamətdar gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, ölkəmizin müstəqillik tarixi, təhsil sistemi, inkişaf yolu, xarici siyasəti və s. barədə kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/dovlet_musteqilliyinin_berpasi_gunu/index.htm istifadə edə bilərlər.