Şəki Regional Mədəniyyət İdarəsi (RMİ) Şəki şəhər Heydər Əliyev Mərkəzində qocaman dərzi Rasim Məmmədova həsr olunan “Köhnə radio” qısametrajlı sənədli filminin premyerası keçirilib. Tədbirdə şəhər rəhbərliyi, filmin yaradıcı heyəti, sənətsevərlər, Şəki sənətkarları, gənclər iştirak ediblər.

Təqdimat mərasimində filmin ssenari müəllifi və prodüseri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək ekran işinin qəhrəmanı ilə 2020-ci ilin sentyabrında yaradıcılıq işi ilə əlaqədar Şəki şəhərində təsadüf nəticəsində tanış olduğunu deyib.

Filmin rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Mübariz Nağıyev Şəki şəhərinin öz mədəni zənginlikləri ilə diqqəti cəlb etdiyini bildirib.

Şəkinin sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olduğunu vurğulayan Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova hazırda burada xalq tətbiqi sənətinin 20-dək növünün qorunub yaşadıldığını diqqətə çatdırıb.

Filmin qəhrəmanı Rasim Məmmədov çıxışında ulu öndər Heydər Əliyevin sənətkarlara həmişə yüksək qiymət verdiyini vurğulayıb. Hazırda ölkə rəhbərliyi tərəfindən mədəni irsin qorunmasına böyük diqqət və qayğı göstərildiyini bildirib, filmin müəlliflərinə təşəkkür edib.

Sonda tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadə Şəki sənətkarları adından filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.