UNESCO Konvensiyası ilə bağlı təlim kursu başa çatıb

 

Xəbər verdiyimiz kimi, 13-14 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi, Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF) tərəfdaşlığı ilə “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində treninq təşkil edilib. “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən keçirilən təlim kursunun mövzusu UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası (2003) olub.

Təlim kursunun ikinci günündə “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayevaya 15 regional emalatxanası olan qurumun fəaliyyətindən, milli xalça sənətinin inkişafı, dünyada tanıdılması istiqamətində gördüyü işlərdən danışıb. Məruzəçi “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” üzrə xarici ölkələrdə təşkil olunan sərgilər, beynəlxalq ekspozisiyalar haqqında da məlumat verib.

Təlim proqramının rəhbəri, AYSF İdarə heyətinin sədri Vasif Eyvazzadə təlim kursunun UNESCO-nun qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq səviyyədə qorunmasının təmin edilməsi istiqamətində fəaliyyət göstərən orqanlar Baş Konfrans, Hökumətlərarası Komitə, Komitənin Bürosu, Qiymətləndirmə Orqanı və Katibliyin fəaliyyətlərinə dair real təcrübəyə əsaslanan bilikləri və faydalı məsləhətləri təlim iştirakçıları ilə bölüşüb, iştirakçıların mövzuya dair suallarını cavablandırıb.

Türkiyənin Ənənəvi Sənətlər Birliyinin əməkdaşı, təlimçi Sona Tomaç UNESCO Konvensiyasına uyğun olaraq milli səviyyədə qoruma tələb edən qeyri-maddi mədəni irs nümunələri ilə bağlı zəruri fəaliyyətlər haqqında danışıb. Məruzəçi irs nümunələrinin inventarlaşdırılması, nümunələrin yaşadılması üçün bilik-bacarıqların artırılması, milli dəstək mexanizmlərindən bəhs edib.

İstanbul Texniki Universitetinin Ənənəvi sənətlər şöbəsinin müdir müavini, sənətşünas Aslıhan Erkmenin “Türkiyənin ustaları” adlı layihəsi, onun Mərmərə bölgəsi üzrə pilot mərhələsinin nəticələri, ayrı-ayrı ənənəvi sənət növləri üzrə inventarlaşdırma, sənətlər və həmin sənətlərlə məşğul olan ustalara dair məlumatların təhlili imkanlarından danışıb.

Vasif Eyvazzadə Türkiyənin Ənənəvi Sənətlər Birliyi ilə birgə əməkdaşlıqda hazırlanmış “Azərbaycan sənətkarları” layihəsi, bu layihənin ölkəmizdə ənənəvi sənət növlərinin qorunması və vəziyyətin təhlili imkanlarının artırılmasına verəcəyi töhfələr və bu sahədə həllini gözləyən məsələlər haqqında danışıb.

Sonra iştirakçılarla regionlar üzrə qeyri-maddi mədəni irs nümunələrinə dair fikir mübadiləsi aparılıb və hər birinə dair xarakterik elementlər sadalanaraq onların gələcəkdə daha yaxşı qorunması üçün layihə və təşəbbüslərə çağırış edilib.

Təlim kursunda həmçinin “ABAD” Publik Hüquqi Şəxsin direktoru Rüfət Elçiyev ənənəvi sənət növlərinin yaşadılması və bu istiqamətdə ailə bizneslərinə və təsərrüfatlarına dəstək istiqamətində bir dövlət layihəsi kimi bu çərçivədə icra olunan fəaliyyətlər barədə danışıb.

Təlimçilər Sona Tomaç qeyri-maddi mədəni irs nümunələrinin qorunmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən, bu istiqamətdə Beynəlxalq Fondun imkanlarından, dəstəklənən layihələrdən, Aslıhan Erkmen dövri hesabatlarla bağlı qaydalar, qeyri-maddi irsin qorunmasında vətəndaş cəmiyyəti təşkilatlarının rolundan da bəhs ediblər.

Sonda təlim kursunun iştirakçılarına sertifikatlar təqdim edilib

Qeyd edək ki, təlim kursunda Mədəniyyət Nazirliyi və regional idarələrin əhatə etdiyi mədəniyyət müəssisələri, Dövlət Turizm Agentliyi, Mədəniyyət və İncəsənət Universiteti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, AMEA-nın Əlyazmalar İnstitutu və digər təşkilatlardan dinləyicilər iştirak ediblər.