Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirilib.

Kitabxananın direktoru Aslan Cəfərov çıxışında xalqımızın istiqlal arzusunun köklərinin ötən əsrdən başlandığını, indiki müstəqil, güclü, qalib Azərbaycanın 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu söyləyib. 70 il sonra 1990-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın əvvəlcə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi, bir il sonra isə Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edildiyini bildirib. Əldə edilmiş müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya birliyi arasında nüfuzunun möhkəmləndirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən A.Cəfərov hazırda ulu öndərin siyasətinin və ideyalarının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. Qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin 44 günlük müharibəni şanlı Qələbə ilə başa vurması da bu uğurlu siyasətin bariz nümunəsidir.

Sonra kitabxananın əməkdaşlarından Tamella Məmmədova, Günay Həsənova, Qənirə Əliyeva, Nərminə Xəlili, Sona Yaqubova və başqaları çıxış ediblər. Bildirilib ki, müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan beynəlxalq sazişlər, iqtisadiyyat, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən islahatlar, qəbul edilən qərarlar müstəqil dövlətçiliyimizin əsasının qoyulmasında və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edib.

Tədbirdə kitabxananın əməkdaşları tərəfindən Müstəqilliyin Bərpası Günü münasibətilə hazırlanan videomaterial və biblioqrafik siyahı da təqdim olunub. Videomaterialda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumat verilib. Burada müstəqilliyin ilk illərində respublikanın ictimai-siyasi fəaliyyətini əks etdirən məlumatlar, sənədlər, foto və videogörüntülər öz əksini tapıb. Biblioqrafik göstəricidə isə müstəqil Azərbaycan dövlətinin quruculuğuna həsr olunmuş onlarla kitab və 70 yaxın məqalənin (Azərbaycan, rus və ingilis dillərində) siyahısı verilib.

Sonda “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” adlı ənənəvi kitab sərgisi nümayiş olunub.