2020-ci ilin oktyabrında şəhərə raket-artilleriya zərbələri zamanı 26 dinc sakin qətlə yetirilmişdi

 

2020-ci ilin 44 günlük Vətən müharibəsində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən beş dəfə (4, 5, 8, 11, 17 oktyabr) raket və ağır artilleriya hücumuna məruz qalmışdı. Bu xain hücumlardan ən faciəlisi 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində baş vermiş, şəhərin Cavadxan qəsəbəsində yaşayış evləri üzərinə “SCUD/Elbrus” ballistik raketinin atılması nəticəsində 14 nəfər həlak olmuş, 55 nəfər yaralanmışdı.

Oktyabrın 17-də Gəncədə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin əməkdaşları, 50-yə yaxın ölkənin diplomatları, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici media təmsilçiləri iştirak ediblər.

Tədbirdən əvvəl Gəncə Memorial Kompleksi ziyarət edilib. İştirakçılar 2020-ci ilin oktyabrında həlak olan dinc sakinlərin xatirə guşəsi önünə güllər düzərək ehtiramlarını bildiriblər.

Anım tədbirində çıxış edən baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, 44 günlük müharibə zamanı Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə törədilən cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində 87 cinayət işi üzrə ibtidai istintaq aparılıb. Döyüş meydanında aciz qalan düşmənin beynəlxalq qanunvericiliyi, “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik ballistik və kaset tipli raketlərlə atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadın qətlə yetirilmiş, 454 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Qeyd edilib ki, Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə təşkil olunmuş hücumlar nəticəsində ümumilikdə  10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 dinc sakin qətlə yetirilib. Müxtəlif dərəcəli bədən xəsarətləri 175 mülki şəxsdən 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olub. Eyni zamanda 3875 yaşayış evi və ya mənzil, 33 qeyri-yaşayış obyekti, o cümlədən 2 tam orta məktəb, 1 uşaq poliklinikası, 1 uşaq bağçası və 1 kinoteatr binasının dağılması nəticəsində milyonlarla məbləğdə maddi ziyan vurulub.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsinin müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu bildirib, Azərbaycan Respublikasının milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev qeyd edib ki, 1992-ci ilin Xocalı qətliamı, 1993-cü ildə Başlıbel faciəsi kimi, 2020-ci ilin oktyabrında Gəncədə törədilənlər də ideoloji olaraq Ermənistan hərbi-siyasi rəhbərliyinin mülki insanları hədəfə götürmə siyasətinin bariz nümunəsidir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xain hücumlar nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlər barədə məlumat verib.