Oktyabrın 17-də İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də müşahidəçi ölkələr olan Macarıstan və Türkmənistanın xarici işlər nazirlərinin iştirak etdiyi iclasda noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına hazırlıq məsələləri də müzakirə olunub.

İclas iştirakçılarını salamlayan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk dünyasının bu gün qlobal geosiyasətin mərkəz halına gəldiyini deyib. Bildirilib ki, enerji, ticarət, nəqliyyat marşrutunda şərq ilə qərbi, şimal ilə cənubu bir-birinə bağlayan kritik bir mövqeyə sahibik. Dünyanın yaşadığı bu çətin dövrdə qlobal sabitlik və firavanlıq üçün Türk dünyasının əhəmiyyəti daha da artıb. Pandemiyanın yaratdığı problemlərin hələ də aradan qaldırılmadığı dövrdə bir daha Rusiya-Ukrayna böhranı ilə sarsıldıq. Qlobal sabitlik təhlükə altındadır. Artan enerji və qida qiymətləri bütün dünyanı təhlükə altına qoyur. Türk dünyası olaraq biz də bundan təsirlənirik.

Türk dövlətləri arasında nəqliyyat və rabitə təməllərinin inteqrasiyasının artırılmasının əhəmiyyətini vurğulayan TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım qeyd edib ki, bu baxımdan ortaq dəhlizin əhəmiyyəti çox yüksəkdir. Bu dəhliz tarixi ticarət yolu olmaqla yanaşı, həm də maddiyyat baxımından digər ticarət yollarından daha tez və sərfəlidir. Rusiya-Ukrayna qarşıdurması son dövrdə bu dəhlizin daha təhlükəsiz və işlək olduğunu bir daha göstərdi. Azərbaycan ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açıldıqdan sonra bu dəhlizin səmərəliliyi daha da artacaq. TDT-yə üzv ölkələr bu dəhlizin üzərində yerləşir və Zəngəzur dəhlizinin tezliklə açılması hər birimizin maraq dairəsi daxilində olmalıdır.

Gələn ay Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında müzakirə olunacaq məsələlərə diqqət çəkən Binəli Yıldırım bildirib ki, TDT-nin xarici ölkələrlə toplam ticarət həcmi 700 milyard dollar olduğu halda, təşkilatın üzv ölkələri arasında bu məbləğ cəmi 20 milyard dollar təşkil edir. Bu rəqəmin artırılması istiqamətində də fikir mübadilələri aparılmalıdır. Səmərqənd sammitində sərbəst ticarət anlaşmasının imzalanması istiqamətində işlər aparılır.

İclasda həmçinin Türk İnvestisiya Fondunun yaradılması, TDT-nin büdcəsinin artırılması və digər məsələlər nəzərdən keçirilib.