Oktyabrın 19-da Qazaxıstanın Azərbaycandakı Səfirliyində Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlər qurulmasının 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə səfirliyin dəstəyi ilə işıq üzü görmüş “Qazax nəsri” ədəbi antologiyası təqdim olunub.

Səfirlikdən bildirilib ki, antologiyanı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib və tərcümə edib, ön sözün müəllifi ədəbiyyatşünas, professor Bədirxan Əhmədli, redaktoru isə şair-tərcüməçi Mahir Qarayevdir.

Səfir Serjan Abdıkərimov qonaqları salamlayaraq son illərdə Qazaxıstan və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafından söz açıb, bu yönümdə ədəbiyyatın müstəsna rolundan bəhs edib.

Antologiyanın tərtibçisi və tərcüməçisi Nəriman Əbdülrəhmanlı müstəqillik dövründə qazax və Azərbaycan ədəbiyyatlarının qarşılıqlı tanıdılması yönündə xeyli irəliləyiş  olduğunu, Abay Kunanbayev, Muxtar Auezov, Kemel Tokayev, Oljas Süleymenov, Muxtar Şaxanov, Rollan Seysenbayev kimi söz ustalarının sanballı kitablarının Azərbaycan oxucularına çatdırıldığını vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov-Tağısoy, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Bədirxan Əhmədli, Mahmud Kaşğari Fondunun rəhbəri Elxan Zal Qaraxanoğlu, BDU Türkologiya kafedrasının professoru Firuzə Ağayeva xalqlarımız arasında mədəni və ədəbi əlaqələrin möhkəmlənməsində bu cür nəşrlərin əhəmiyyətindən söz açıblar.

Səfir S.Abdıkərimov yekun sözündə səfirliyin gələcəkdə də bu cür sanballı nəşrlərin işıq üzü görməsinə yardım etmək niyyətində olduğunu bildirib.