Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin  təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanının özbək dilində nəşrinin təqdimatı keçirib.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində təqdim edilən kitab Azərbaycanın Mədəniyyət Nazirliyi və Heydər Əliyev adına AMM-nin  Mərkəzinin birgə layihəsi ilə alim-tədqiqatçı Rustamcon Cabbarov tərəfindən Azərbaycan dilindən özbək dilinə tərcümə edilərək çap olunub.

Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Özbəkistanın elm, ədəbiyyat xadimləri iştirak ediblər.

Universitetin prorektoru Raima Şirinova tədbiri açaraq iki qardaş xalqın tarixi dostluq əlaqələri haqqında danışıb, "Kitabi-Dədə Qorqud" dastanının nəinki Azərbaycanın, bütün Türk dünyasının şifahi xalq ədəbiyyatının şedevri olduğunu qeyd edib.

AMM-nin direktoru Samir Abbasov kitabın əhəmiyyətindən danışıb. Türk dünyasının unikal söz abidəsi olan dastanda Azərbaycan toponimlərinin geniş əks olunduğunu, qəhrəmanlıq, saf məhəbbət, böyüyə hörmət, Vətənə sevgi hisslərinin aşılandığı bildirib. Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin Azərbaycanda geniş qeyd olunduğu diqqətə çatdırılıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında tarixi yaxınlıq, eyni dil, mədəniyyət və ənənələrə malik Azərbaycan və özbək xalqlarının zəngin poeziyaya sahib olduğunu qeyd edib. Türk xalqlarının yaratdığı bir çox dastanların xalqlarımızın şanlı tarixini, mədəniyyətini, məişət həyatını, şəxsiyyətlərinin öyrənmək üçün misilsiz mənbə olduğunu bildirən deputat özbəklərin "Alpamış", qırğızların "Manas", azərbaycanlıların isə "Kitabi-Dədə Qorqud" dastanlarının oxşar xüsusiyyətlərinə dair fikirlərini bölüşüb.

Özbəkistan Milli Universitetinin professoru Hamidulla Baltabayev "Kitabi Dədə Qorqud" dastanı ilə bağlı Özbəkistanda tədqiqat əsərlərinin yazıldığını qeyd edərək, dastanın özbək dilində nəşrinin bu baxımdan əvəzsiz mənbə olduğunu deyib, layihəyə görə AMM-yə təşəkkürünü bildirib.

Özbəkistanlı alimlər Nəsimxan Rəhmonov, Nigina Şermuhammedova, İsomiddin Yormətovun, Xosiyyət Rüstəmova, azərbaycanlı ədəbiyyatşünaslar Şəhla Qasımova, Xurşidə Cəlilova türk xalqlarının ortaq dəyərləri, "Kitabi-Dədə Qorqud" dastanı haqqında fikirlərini bölüşüblər.

Tədbirin sonunda Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə "Dədə Qorqud" filmindən musiqiləri (bəstəkar Emin Sabitoğlu) ifa edib.

Qeyd edək ki, "Kitabi-Dədə Qorqud" dastanının özbək dilində nəşrinə Azərbaycan mədəniyyət naziri Anar Kərimov və Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov ön söz yazıblar.