Prezident və birinci xanım Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında olublar

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfər ediblər.

Dövlət başçısı əvvəlcə Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib. Məlumat verilib ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi ilə tanış olublar. Dövlət başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı məlumat verib. Bildirilib ki, Şirvan Milli Parkından götürülən 18 baş ceyran Cəbrayıl rayonu ərazisinə fərdi reintroduksiya olunub. Proses bu il və gələn il də davam etdiriləcək.

Dövlət başçısı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub. “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev məlumat verib ki, 4 ay əvvəl təməli qoyulan yarımstansiyada böyük həcmdə torpaq, tikinti-quraşdırma işləri, 330 və 110 kilovoltluq açıq paylayıcı qurğularda işlərin çox hissəsi yekunlaşıb, eyni zamanda Cəbrayılda 330 kilovoltluq qovşaq yarımstansiyasında işlərin böyük hissəsi görülüb. İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” Qovşaq Yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikaya 255 kilometr uzunluğunda ikidövrəli elektrik verilişi xətti çəkiləcək və 330 kilovoltluq “Naxçıvan” yarımstansiyası tikiləcək. Üçüncü mərhələdə isə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması nəzərdə tutulur.

Daha sonra Qubadlı rayonuna gələn Prezident İlham Əliyev “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.

Prezidentə və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.

Oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda da olublar.

Dövlət başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşüb, məktəbdə yaradılan şəraitlə tanış olublar.

Məktəbdə təhsil alan şagirdləri salamlayan İlham Əliyev tezliklə işğaldan azad edilmiş bütün torpaqlara qaynar həyatın qayıdacağını vurğulayıb: “Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər”.

Dövlət başçısı ölkəmizin gələcəyinin indi böyüməkdə olan nəslin savad, bilik və bacarığından da asılı olacağını bildirib: “Siz də yaxşı oxuyun. Çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün lazımdır. Çünki sizin kimi uşaqlar gələcəkdə ölkəmizi idarə edəcəklər. Ona görə gərək siz bilikli olasınız, savadlı olasınız, həmişə vətənpərvər olasınız. Vətənpərvər olmaq üçün hər bir Azərbaycan vətəndaşının çox böyük haqqı var. Çünki biz bu torpaqlara qan tökərək qayıtmışıq. Bizim qəhrəman şəhidlərimiz öz canlarını fəda ediblər ki, bax, siz və sizin kimi yüz minlərlə azərbaycanlı öz dədə-baba torpağına qayıtsın. Sabah (20 oktyabr – red.) Zəngilan şəhərinin azad olunmasının ikinci ildönümüdür. Zaman tez keçir, ancaq artıq böyük quruculuq işləri görülür. Sizin əsas vəzifəniz oxumaqdır, valideynlərin, müəllimlərin sözünə baxmaqdır və gələcəkdə yaxşı vətəndaş olmaqdır”.

Dövlət başçısı və birinci xanım sonra Ağalı kəndinin mərkəzində sakinlərlə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

Prezident İlham Əliyev və birinci xanım Zəngilanda Arximed turbini tipli su elektrik stansiyasını işə salıb, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak ediblər.