Otuz ilə yaxın Türkiyədə yaradıcılıq fəaliyyəti göstərən Konya Səlcuq Universiteti Dilek Sabancı Dövlət Konservatoriyasının professorları – Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Hacıyev və teatr rejissoru Zəminə Hacıyeva Beynəlxalq Türk Mədəniyyatı Təşkilatı – TÜRKSOY tərəfindən “Haldun Taner” medalı ilə təltif  olunublar.

Görkəmli bəstəkar Rauf Hacıyevin oğlu Fuad Hacıyev və həyat yoldaş Zəminə Hacıyeva 1993-cü ildən qardaş ölkədə yaşayırlar. Sənətçilər bu müddətdə Konya, Antalya, Mersin, Samsun, Ankara, İzmir şəhərlərinin teatrlarında Türkiyə və dünya müəlliflərinin əsərlərinə, eləcə də Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Rauf Hacıyevin "Ana, mən evlənirəm" operettalarını, M.F.Axundzadənin “Hacı Qara”, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”,  “Hara gedir bu dünya?”, Elçinin “Ölüm hökmü”, “Dəlixanadan dəli qaçıb” dram əsərlərini tamaşaya qoyublar.

Professorlar Fuad Hacıyev və Zəminə Hacıyevanın Konyada ən böyük xidmətləri isə Səlcuq Universiteti Dilek Sabancı Dövlət Konservatoriyasında aktyorluq və rejissorluq  şöbələrinin yaradılması olub.

Onların TÜRKSOY-un medalı təltif olunması da hər iki sənətkarın 80 illik yubileyi və Konya Konservatoriyasında fəaliyyətlərinin 30 illiyinə həsr edilmiş tədbirdə gerçəkləşib.

Oktyabrın 18-də keçirilən yubiley tədbirində Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-daki təmsilçisi Elçin Qafarlı, Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi Elxan Zeynalov, Səlcuq Universiteti Dilek Sabancı Dövlət Konservatoriyasının rəhbəri, professor Oğuz Karakaya, universitetin və konservatoriyanın müxtəlif bölmələrinin müəllimləri, Fuad Hacıyev və Zəminə Hacıyevanın yetişdirdikləri məzunlar, doktorantlar iştirak ediblər.

Mərasimdə açılış nitqi ilə çıxış edən Oğuz Karakaya konservatoriyanın Səhnə sənətləri bölməsinin təməlinin qoyulmasında və Türkiyədə teatr sənəti üçün kadrlar yetişdirilməsində mühüm xidmətləri olan Fuad və Zəminə Hacıyevlərin fəaliyyətindən danışıb. Bildirib ki, Türkiyənin müxtəlif bölgələrində bir çox dövlət və şəhər teatrlarında çalışan rejissorlar və aktyorlar bu iki dəyərli sənətkar və pedaqoqun yetirmələridir.

Mərasimdə çıxış edən Elçin Qafarlı yubilyarlara TÜRKSOY-un Baş katibi Sultan Rayevin salamlarını çatdırıb. O, Fuad Hacıyev və Zəminə Hacıyevanın Azərbaycanın  mədəniyyət ictimaiyyətində kifayət qədər tanındıqlarını və uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışdıqlarını, teatr və televiziya tamaşaları hazırladıqlarını vurğulayıb.  Bildirib ki, otuz il Türkiyədə mədəniyyətə töhfələr verən bu iki ziyalı Azərbaycanın teatr məktəbini də qardaş ölkədə layiqincə təmsil edib.

Elçin Qafarlı yubilyarlara TÜRKSOY-un “Haldun Taner”  medallarını və xatirə plaketlərini təqdim edib.

Səfirliyimizin birinci katibi Elxan Zeynalov tədbirin əlamətdar tarixdə – Azərbaycanın Müstəqilliyinin Bərpası Günündə keçirilməsindən məmnunluğunu ifadə edərək, uzun illər qardaş ölkədə göstərdikləri xidmətə görə həmvətənlərimizə təşəkkürünü bildirib.

Türkiyənin fərqli bölgələrində fəaliyyət göstərən, Fuad və Zəminə Hacıyevlərin yetirmələri olan sənətçilər videokonfrans vasitəsilə ilə tədbirə qatılaraq müəllimlərinə ürək sözlərini bildiriblər.

Qeyd edək ki, “Haldun Taner” medalı TÜRKSOY-un teatr sənəti sahəsində mükafatıdır. Medal görkəmli türk yazıçı-dramaturqu Haldun Tanerin (1915-1986) xatirəsinə təsis edilib.

Mehparə Sultanova
Ankara