Oktyabrın 20-də işğaldan qurtuluşunun ikinci ildönümü tamam olan Zəngilanda təkcə bu bölgəmizin deyil, ümumilikdə Azərbaycanın inkişafı, eləcə də yerləşdiyimiz coğrafiyanın gələcək mənzərəsi üçün müstəsna önəm kəsb edən Azərbaycan-Türkiyə birlik və bərabərliyi üçün əlamətdar olan hadisələr gerçəkləşib.

Şərqi Zəngəzurun hava qapısı olan Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib.

Prezidentlər hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov Azərbaycan və Türkiyə prezidentlərinə hava limanı barədə məlumat verib.

Bildirilib ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Zəngilan Beynəlxalq Hava Limanı 2021-ci ildə açılan Füzuli hava limanından sonra işğaldan azad olunan ərazilərdə istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa olunur.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Xatırladaq ki, kompleksin təməli 2021-ci ilin oktyabrında iki prezidentin iştirakı ilə qoyulub.

Dövlət başçılarına məlumat verilib ki, layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib.  Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Prezidentlərin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Dost Aqropark”da istehsal olunan ət məhsullarının paketlərinin üzərinə “Made in Karabağ” etiketlərinin ilk nümunələrini vurublar.

Dövlət başçıları “Dost Aqropark”ın nəzdində yaradılan Zəngəzur ağır atletika klubunun açılışında da iştirak ediblər. Türkiyənin və Azərbaycan atletləri, klubun həvəskar idmançıları prezidentlərlə söhbət ediblər.

Sonra konsert proqramı təqdim edilib və kompleks barədə videoçarx nümayiş olunub.

Prezidentlər tədbirdə çıxış ediblər. “Bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür. Qardaş ölkənin sayın Cümhurbaşqanı, qardaşım Rəcəb Tayyib Ərdoğan Zəngilana təşrif buyurub. Bu, bizim üçün böyük bayramdır, bütün Azərbaycan xalqı üçün böyük bayramdır”, – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, biz bir il bundan əvvəl burada idik, o zaman bura boş sahə idi: “Burada “Aqropark”ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir.

Bu gün Zəngilan üçün xüsusi bir gündür. Düz iki il bundan əvvəl oktyabrın 20-də Zəngilan şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilmişdir. Zəngilanın 27 illik işğalı sona çatmışdır. Məhz bu gündə Zəngilanda olmağımız, əziz qardaşımla bərabər Zəngilan Hava Limanının və bu “Aqropark”ın açılışını etməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır... Xeyirli olsun, uğurlu olsun!”.

Türkiyə Prezidenti də çıxışında vurğulayıb ki, müharibəni görmüş və bu müharibə nəticəsində insanların yaşayışı üçün tamamilə yararsız hala salınmış bu yerlər indi bərəkətli torpaqlara çevrilib: “Gələrkən İlham qardaşımla bu barədə danışdıq, indi qısa vaxtda – iki-iki il yarım ərzində su anbarını da inşa edəcəyik dedi. Bu anbar sayəsində buralar daha bərəkətli torpaqlara çevriləcək... Səhv etmirəmsə, Yunus Əmrə şeirlərinin birində yazırdı ki, Allah bir buğda dənəsindən, bir sünbüldən yüz minlərlə dənə yaradır. İndi burada da bunun bənzərini görəcəyik. Bu sünbüllər, inşallah, dənələrə çevriləcək və buradan Azərbaycana, Türkiyəyə və bütün dünyaya göndəriləcək... İnşallah, bu torpaqların bərəkətli torpaqlar olaraq əbədi qalmasını diləyirəm”.