Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmiryolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar.

Dövlət başçılarına layihə barədə məlumat verilib. Bildirilib ki, 2021-ci ildə icrasına başlanılan layihənin 2023-cü ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur. 110,4 kilometr uzunluğunda yol xətti boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Dövlət başçılarına Ələt-Ağbənd-Naxçıvan-Qars dəmiryolu layihəsi barədə də məlumat verilib.

Prezidentlər daha sonra Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Məlumat verilib ki, hər iki layihə işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planına uyğun olaraq həyata keçirilir. Bu məqsədlə yerli və türkiyəli mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilib. Mərasimdə kompleksin ərazisinə 15 baş ceyran buraxılıb.

Oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib. İki ölkənin bayraqlarının dalğalandığı meydanda fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə təqdim olunub. Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Qarşılanma mərasimindən sonra dövlət başçılarının təkbətək görüşü olub. Görüş başa çatandan sonra prezidentlər mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Türkiyə Prezidentinin Azərbaycana səfəri oktyabrın 20-də başa çatıb. Qardaş ölkənin rəhbəri  Zəngilan aeroportundan vətənə yola düşüb.