Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Əhməd Cavad – 130 il” mövzusunda tədbir keçirilib. Tədbirdə əvvəlcə Əhməd Cavada həsr olunan videoçarx nümayiş etdirilib.

ATMU-nun rektoru İlham Mədətov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, ictimai xadim Əhməd Cavad haqqında söz açıb. Qeyd edib ki, Dövlət Himnimiz səslənəndə onun sözlərinin müəllifi Əhməd Cavadın şəxsiyyəti göz önündə canlanır. Rektor 30-cu illərin repressiya dalğasında xalqımızın istedadlı ziyalılarının, düşünən beyinlərinin məhv edildiyini faktlarla diqqətə çatdırıb.

Görkəmli ədibin nəticəsi Cavad Axundzadə valideynlərindən Əhməd Cavad və ömür-gün yoldaşı Şükriyyə xanım haqqında eşitdiyi xatirələri danışıb. O, tədbirin təşkilinə görə ATMU-nun rəhbərliyinə təşəkkürünü bildirib.

ATMU-nun Dillər kafedrasının baş müəllimi Almaz Zöhrabova Əhməd Cavadın yaradıcılığından, ictimai fəaliyyətindən söz açıb. Dillər kafedrasının dosenti Ağaverdi Xəlilov Əhməd Cavadın Azərbaycan Xeyriyyə Cəmiyyətinin ən fəal üzvlərindən biri olduğunu bildirib, onun Hacı Zeynalabdin Tağıyevin maddi yardımı ilə Seyfəlidə məktəb və uşaq bağçalarının açılmasında iştirakından, “Yaşıl qələmlər” və Azərbaycan Proletar Yazıçılar Cəmiyyətində fəaliyyətindən bəhs edib.

Tədbirdə tələbələr Əhməd Cavadın şeirlərini söyləyiblər.