Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin iştirakı ilə oktyabrın 21-də paytaxtın Novxanı qəsəbəsində yerləşən Şah Sultan Hüseyn məscidinin ətrafında təmizlik aksiyası keçirilib.

Aksiyada Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və sözügedən qurumların əməkdaşları iştirak ediblər.

XVII əsrdə inşa olunan məscidin ətrafı məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işləri görülüb.

Dövlət Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şah Sultan Hüseyn məscidinin yaxın zamanda bərpasına başlanılması planlaşıdırılır. Bunun üçün hazırlıq işlərinə başlanılıb.

Aksiya iştirakçıları daha sonra yeni bərpa-konservasiya olunan XIX əsrə aid hamama baxış keçiriblər. Tarixi abidənin turizm baxış obyekti kimi istifadə olunması planlaşdırılır.

Tarixi abidlərin qorunması, ətraf-mühitin mühafizəsi, yaşıllıq zonalarının təmizlənib genişləndirilməsi, ekoloji tarazlığın bərpası, eləcə də vətənaşlarımızın mədəni irs nümunələrinə diqqətinin daha da artırılması məqsədi daşıyan aksiyanın davamlı təşkil olunması nəzərdə tutulur.

Hazırladı: N.Məmmədli