Prezident İlham Əliyev oktyabrın 21-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Qoruq İdarəsinin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icraçı direktor həyata keçirir.
Müşahidə Şurasının yaradılması ilə bağlı “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında müvafiq dəyişiklik edilib.
Dövlət başçısı oktyabrın 21-də “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi ilə bağlı sərəncam da imzalayıb.
Sərəncamla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Aydın Kərimov – Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.