2022-ci ildə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun anadan olmasının 130 ili tamam olur.

Prezident İlham Əliyev oktyabrın 21-də Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur.

Sərəncamda həmçinin Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblının zəngin repertuarı ilə seçildiyi və ölkənin mədəni həyatında yaxından iştirak etdiyi diqqətə çatdırılır. Vurğulanır ki, musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli Əhməd Bakıxanovun yetirmələridir.

Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan milli ifaçılıq məktəbinin inkişafında, xalq musiqisinin, muğamların tədrisi və təbliğində xüsusi xidmətləri olan Əhməd Bakıxanovun anadan olmasının 130-cu ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.