Oktyabrın 21-də Bakıda “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının təsis toplantısının keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, TDT müsəlman dini idarə rəhbərləri Şurasının Əsasnaməsinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunmuş Şuşada imzalanması rəmzi və tarixi hadisədir.

Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatı məkanının xalqları müqəddəs dinimizə və türk kimliyimizə sadiq olaraq dini-mənəvi dəyərlərimiz və milli ənənələrimizə hər zaman sadiq olub, bununla fəxr ediblər. Türk-İslam dünyasının bəşərin elm və mədəniyyət, ürfan və ədəbiyyat xəzinəsinə hər zaman böyük töhfələri olub. Zəngin Türk-İslam irsi zəmanəmizin aktual problemlərinin həllində, cəmiyyətlərimizin əmin-amanlıq və sabitliyinin təminində xalqlarımızın, dövlətlərimizin ən dəyərli sərvətidir. Bu irsi elmi şəkildə tədqiq, təbliğ və təşviq etmək hər birimizin mənəvi borcudur.

“Azərbaycan dünyada multikulturalizm və İslam həmrəyliyi ideyalarına qlobal miqyasda töhfələri ilə tanınan dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyev dünyada İslam dəyərlərinin fəal müdafiəçisi, islamofobiyaya qarşı qətiyyətli mövqeyini ali beynəlxalq kürsülərdən ifadə edən, sivilizasiyalararası dialoqa dair çoxsaylı forumların, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin təşəbbüskarıdır. Bakı dünya dini liderlərinin iki sammitinə ev sahibliyi etmişdir”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib.

Allahşükür Paşazadə vurğulayıb ki, dünyada islamofobiya və türkofobiya meyillərinin qarşısının alınması yönündə həyata keçirilən işlərdə fəal iştirak, türk-İslam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına verdiyi töhfələrin təbliği yeni yaradılan şuranın üzərinə düşən vəzifələrdəndir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirib ki, türk milləti tarixən bir-birinə sıx bağlı olub və 1915-ci ildə tarixi Çanaqqala döyüşündə həmvətənlərimizin iştirakı, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən Osmanlı əsgərlərinin bizə köməyi, Qars müqaviləsi imzalanarkən Naxçıvanın Azərbaycan tərkibində qalması buna sübutdur. 44 günlük Vətən müharibəsində Türkiyənin bizə verdiyi mənəvi dəstək bütün dünyaya ölkələrimizin necə sıx qardaş olduqlarını sübut etdi. Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarələri rəhbərlərinin Şuşa Bəyannaməsi də türk dövlətlərinin bir-birinə sıx bağlı olduğunun sübutudur.

Konfransda daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Yalkap Hocaquliyev, Diyanet İşləri Başkanlığı uzmanı Mustafa Irmaklı, Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm komitəsinin M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktorunun müavini, filologiya elmləri namizədi, dosent Torali Kıdır, ÖMİ-nin Beynəlxalq şöbəsinin müdiri Şovkat Xamdamov çıxış ediblər. Çıxışlarda Mərkəzi Asiya, Qafqaz və Anadoludan olan alimlərin İslam sivilizasiyasına töhfəsindən söz açılıb, türk və İslam mədəniyyətlərinin dünyaya töhfəsindən, tarixindən danışıblar. Eyni zamanda bu birliyin gələcək inkişafının zəruriliyi diqqətə çatdırılıb.