“Açar” qısametrajlı bədii filmi noyabrın 18-dən 27-dək Şimali İrlandiyanın Derry (Londonderry) şəhərində (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) keçiriləcək 35-ci Foyle Film Festivalında nümayiş olunacaq.

Ekran əsəri festivalın qısa film proqramına salınıb. Proqramın linki burada: https://www.foylefilmfestival.org/programme/light-motion-competition-international-short-film-programme-1

Qeyd edək ki, premyerası bu ilin aprelində Niderland Krallığında “Go Short – International Short Film Festival Nijmegen”də baş tutan “Açar” filmi oktyabr ayı ərzində İsveçdə “SAMA International Film Festival”, Makedoniyada “KineNova Skopje International Film Festival”, Türkiyədə “Accessible Film Festival” və Hindistanda “Goa Short Film Festival”da da ölkəmizi təmsil edib. Film həmçinin noyabrın 29-dan dekabrın 3-dək Fransada keçiriləcək 40-cı “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalının proqramına seçilib.

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsal etdiyi “Açar” filmi Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, görüntü rejissoru Cavid Oruclu, quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.