Xəbər verildiyi kimi, 18 və 20 oktyabr tarixlərində Beynəlxalq Muğam Mərkəzində (BMM) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırda ölkəmizdən kənarda yaşayan iki tanınmış musiqiçinin – gitara ifaçısı, beynəlxalq müsabiqələr laureatı Rövşən Məmmədquliyevin solo konserti və müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin müəllif konserti keçirilib.

Qeyd edək ki, hər iki yaradıcı insanı sıx sənət ünsiyyəti bağlayır. Rövşən Məmmədquliyev Elmir Mirzəyevin 1995-ci ildə yaratdığı SoNoR ansamblının solisti olub.

Rövşən Məmmədquliyev alqışlarla qarşılanan konsertin ertəsi günü, 19 oktyabrda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində həvəskar və peşəkar gitara ifaçıları üçün ustad dərsi də keçib.

Oktyabrın 20-də isə BMM-də Elmir Mirzəyevin "Allegoria Sacra" (“Müqəddəs Allegoria”) adlı müəllif konserti olub. Proqramda bəstəkarın yaradıcılığının 20 illik dövrünü (1995-2015) əhatə edən, fərqli janrlarda kamera-instrumental və səhnə əsərləri yer alıb. Müəllif konserti dirijor Orxan Həşimovun rəhbərliyi ilə “Cadenza” orkestri və solistlər tərəfindən yüksək peşəkarlıqla təqdim olunub.

Konsertin maraqla qarşılanması proqrama daxil edilən əsərlərin Azərbaycan müasir bəstəkarlıq məktəbinin diqqətəlayiq nümunələri olduğunun təsdiqidir.

Qeyd edək ki, 26-27 oktyabr tarixlərində Elmir Mirzəyevin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində mühazirələri də təşkil olunacaq. Mühazirələr dövrün aktual məsələlərinə həsr olunub.

26 oktyabrda Arseni Avraamovun (1886-1944) "Fitlərin simfoniyası" (1922) adlı əsəri haqqında söhbət açılacaq. Ertəsi gün “meditasiya güzgüsü”ndə sovet avanqard musiqisində yeni dövrün əlamətləri (1970-80-ci illər bəstəkarların yaradıcılığı) barədə maraqlı fikir mübadiləsi aparılacaq.