Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli Özbəkistan Dövlət Konservatoriyasının dəvəti ilə bu tədris ocağında ustad dərsləri keçib.

Ustad dərslərində konservatoriyanın “Nəfəs alətləri“ kafedrasının şöbə müdiri Cavlon Rəcəbov, müəllimlər və tələbələri iştirak ediblər.

İştirakçılar ustad dərslərinin tələbələrin peşəkar kimi yetişməsinə, eləcə də bu cür yaradıcılıq görüşlərinin mədəni əlaqələrin inkişafına müsbət təsir göstərdiyini vurğulayıblar.

Əziz Qarayusifli Özbəkistan Dövlət Konservatoriyası tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Qeyd edək ki, 14-18 oktyabr tarixlərində Düşənbə şəhərində keçirilən MDB iştirakçı dövlətləri gənclərinin XVI Delfi Oyunlarına Azərbaycandan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nümayəndə heyəti də qatılıb. Əziz Qarayusifli Delfi Oyunlarında nəfəs alətləri nominasiyası üzrə münsiflər heyətinin sədri kimi ölkəmizi təmsil edib. Əməkdar artist Düşənbədən Özbəkistana dəvət alaraq ustad dərsləri və görüşlər keçirib.