Azərbaycan mədəniyyətinə itki üz verib. Muğam ifaçılığı sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə, Əməkdar artist Süleyman Abdullayev oktyabrın 23-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevralın 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 1959-cu ildə istedadlı musiqiçilər seçmək üçün Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski gənc Süleyman Abdullayevin səsini yüksək qiymətləndirib və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilib.

Süleyman Abdullayev 1960-1964-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfində təhsil alıb, muğam dəsgahlarını tam şəkildə öyrənib. 1964-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb.

Zəngin tembrli səsə malik xanəndə muğamların məharətli ifası ilə sənətsevərlərin rəğbətini qazanıb. Onun ifasında “Segah”, “Dəşti”, “Çahargah”, “Şur” muğam dəsgahlarının lent yazıları Azərbaycan Televiziyasının “qızıl fond”una daxil edilib. Süleyman Abdullayev həmçinin sənətə gələn bir çox istedadların ustadı olub.

Allah rəhmət eləsin.