Bir neçə dəfə ertələndikdən sonra 2022-ci ilin noyabrına nəzərdə tutulan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu bu il də keçirilməyəcək.

Bu barədə Rusiya Federasiyası Mədəniyyət Nazirliyindən bildiriblər.

“Mövcud şəraitdə Rusiya Mədəniyyət Nazirliyi forumun keçirilməsini münasib saymır və onun təxirə salındığını bildirmək məcburiyyətindədir”, – deyə nazirlikdən məlumat verilib.

Forumun 10-12 noyabr tarixində keçirilməsi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, artıq üçüncü dəfə təxirə salınan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun “fəxri qonaq ölkə”lərindən biri Azərbaycan olmalıdır. Azərbaycanın ənənəvi olaraq qatıldığı bu forumda “fəxri qonaq ölkə” statusunda iştirakı barədə qərar 2018-ci ildə qəbul olunmuş, bununla bağlı iki ölkənin mədəniyyət nazirləri tərəfindən birgə bəyanat imzalanmışdı.

IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu əvvəlcə 2020-ci ilin, sonra isə 2021-ci ilin noyabrına təyin olunsa da, hər iki dəfə pandemiya səbəbindən təxirə salınmışdı. 2022-ci ildə isə forumun ertələməsinin səbəbi beynəlxalq siyasi konyunkturadır.

Qeyd edək ki, IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun Azərbaycandan savayı digər iki “fəxri qonaq ölkə”si Almaniya və Fransa olmalı idi. Forumun rəhbəri Yeqor Moskvin bu barədə fevralın əvvəlində Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə görüşündə bildirmişdi. Onun sözlərinə görə, forumun dörd əsas istiqamətdə – incəsənət, muzeylər və mədəni irs, kino, həmçinin kreativ sənaye istiqamətlərində təşkil olunması nəzərdə tutulur.

Lakin 24 fevralda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq elan edilən sanksiyalar rejimində, Almaniya və Fransanın “fəxri qonaq”lığı bir yana qalsın, ümumiyyətlə, Qərb ölkələrinin bu foruma qatılması mümkün deyil.

Təşkilatçılar forumu Rusiyaya dost ölkələrin iştirakı ilə keçirməyi planlaşdırsa da, yəqin bunun məhdud bir çevrə olacağı nəzərə alınaraq, ertələmə qərarı verilib.

Yeri gəlmişkən, 2023-cü ildə Sankt-Peterburq şəhəri MDB-nin “Mədəniyyət paytaxtı” olacaq. Əgər Rusiya ətrafında beynəlxalq siyasi situasiya düzəlməsə, yəqin ki, Neva sahilində mədəniyyət forumu da bu çərçivədə keçiriləcək.

V.Kamal